Əyani olmasa da çoxdan tanıyırdım Giyanı. Onun
maraqlı zahiri, qiyafə tərzi məni çox maraqlandırırdı. Akif Səmədin
təqdimatında istedadına və yaradıcılıq qabiliyyətinə də bələd idim. Hər
adamı tərəfləməyən Akif, ondan söz düşəndə maraqlı insan, gözəl
tərcüməçi, mükəmməl dostluq qabiliyyəti olan insan olduğunu
vurğulayardı.
Günlərin birində tale bizi Gəncə şəhərində görüşdürdü. O
da məni qiyabi tanıyırmış, mətbuat səhifələrində yazı-pozularımı,
şeirlərimi oxuyubmuş. Gəncədə səfərdə olarkən mənimdə Gəncədə işlədiyimi
eşidib, görüşməyimiz üçün telefon əlaqəsi qurdu. Görüşdük. Bağrına
basıb min illik dostu kimi görüşdü mənimlə, özünə məxsus bariton səsi və
ahəngdar nitqiylə kef-əhval tutub məni çoxdan aradığını söylədi.
Qax
rayononda yaşadığını bilmirdim. Tanışlıqdan sonra dəfələrlə Qaxın
füsunkar mənzərələrindən söz açıb, gəlməyimi xahiş etmişdi. Çox
istəmişdim gedib həm Givinin qonağı olum, həm də heç zaman güzarım
düşməmiş o gözəl məkanı gözlərimlə görüm. Di gəl ki, bu işin-gücün,
günü-gündən çoxalan qayğıların qırsaqqızından qopa bilmirdim...
İndi
ağ atı yəhərləyib (Ağamalı Sadiq maşına at deyərdi və məni görmək
istəyəndə "Əmməd, atını min bir biz tərəflərə gəl"- deyərdi) Qax
rayonuna, tələsirəm.
Həyat yoldaşının vəfat etdiyini eşidib,
telefonla baş sağlığı vermişdim. Amma dəfnində iştirak edə bilməmişdim
və Gəncədə olduğumdan yararlanıb fürsəti əldən vermədim, 9-u gününə
(onların adəti ilə dəfnin 9-u günü də qeyd edilir.) getməyi
planlaşdırdım. Gəncəli dostum Ruslan və sevgilisi İlahə xanım da mənə
yol yoldaşı oldular. Sənətdən və sözdən xeyli aralı olan bu gənc
dostlarıma yolboyu Giyadan danışdım, onun zillət dolu həyatinin
məqamlarından etüdlər nəql etdim. Hər iki gənc maraq və heyrət içində
idilər.
- Giya elə anasının qoynunda olarkən yetim qalıbmış- deyərək
hekayətimi davam etdirdim.- O, özü həyatının acı anlarını xatırlayaraq
söyləmişdi ki, mən anamın bətnində olarkən atam avtomobil qəzası
keçirib, dünyasını dəyişir və anam ağır xəbərdən çox sarsılır. Görünür
bu sarsıntını mən anamdan çox keçirmişəm və elə anamın bətnindəykən
saçlarım qar kimi ağarmışdı. Anam məndən xəbərsiz öz ağrı və
istirablarıyla atama yas saxlamış, mənim bətnində olduğumu belə
unutmuşdu. Qəfil sancıdan məni xatırlayıb, mən dünyaya göz açanda iusə
məndən eymənib. Tanımayıb məni. Adətən analar öz doğduğu uşaqlarını yüz
uşağın içindən seçirlər. Amma saçları, qaşları və hətta kirpikləri belə
dümağ olan uşağını tanımadı, məndən imtina etdi anam...
Tükləri ürpəşən İlahə xanım": aman Allah"- deyib həyacanını gizlədə bilmədi.
-Hə,
mənim gənc dostlarım, balasından eymənən ana ondan imtina etmiş, körpə
40 gün doğum evində qalmışdı. Sonra isə ana, bu günahsız körpəni Gəncəyə
gətirib uşaq evinə təslim emiş və bir daha arxasınca gəlməmişdi.
Tamamilə unudub adını Giya qoyduğu oğlunu.
Giya elə bilirmiş ki,
göydən düşüb, nə atası olub, nə anası. Beləcə, yetimlər evində böyüyüb,
balalarına baş çəkməyə gələn ata-anaları gördükcə ürəyi qövr eyləyib,
"Görəsən mənim də atam-anam varmı?"- deyib, illərlə yol gözləyib. Altı
yaşı tamam olanda, inandırıcı olmasa da Qax payonu icra komitəsinə
məktub yazaraq anasını axtarıb.
-Bəs sonra?- dyərək söhbətin dalını gözləyən dostlarımın gözləri dolmuşdu.
-
Ata-anasını əlindən almış Uca Tanrı sən demə əvəzində Giyaya bolluca
fərasət istedad, ən başlıcası səbir, dözüm və dəyanət veribmiş.
Yadımdadı, bunları mənə özü söyləyirdi. Nə qədər təmkinli və soyuqanlı
idi bunları söyləyəndə. Anasını tapdıqdan sonra onu Bakıya, gözdən
əlillər təmayülünə göndərmişlər. Orta məktəbi həmin internetdə bitirən
Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi
H. Əliyebin sərancamı ilə seçilmiş qrupun daxilində Lomonosov adına
Moskva Dövlət Universitetinə təyinat alıb, təhsilini orada bitirir...
Maşınımız
Şəkiyə yaxınlaşanda, bahar xoş ətriylə açıq pəncərədən içəri dolub
köksümüzə yayılırdı. Uzaqdan başı qarlı qafqaz dağları görünürdü.
Dağların ağ zirvələri çox aydın idi. Tən ortadan uca dağları iki yerə
bolmüş ağ buldlar sanki ağır dağları çiyninə, yamyaşıl bahar donu geymiş
ətəkləri, ətəklərə səpələnmiş irili-xırdalı kəndləri, dərin dərələri
uzun düzənləri isə ağuşuna almışdı. Yolun sağında, solunda əkilmiş taxıl
zəmiləri gömgöy göyərmiş, yaşıllığın aralarına qan kimi çilənmiş
lalələr par-par yanıb halələnirdilər.
Bu da Qax rayonu. Doğrudan da
özünə məxsus özəlliyi və gözəlliyi ilə gözümüzü oxşayan Qax mənzərələri
hər birimizi valeh etmişdi. Şəhərin maraqlı görkəmi, səliqə səhmanı, həm
də füsnükar bahar mənzərələri ağlımızı çaşdırırdı. Qaxbaşı kəndində
yaşayır dostumuz Giya. Soraqlaşdıq və çox qısa zamanda Qaxbaşıya çatdıq.
Giya bizi yolun kənarında gözləyirdi. Meşlərlə bürünmüş uca dağların
ətəyindəki evlərə baxıb köks ötürürərək, "buralarda yaşayanın nə xoş
halına, əsil cənnətdir ki buralar" fikriylə gedirdik ki, Giyanı yol
kənarında görüb maşını saxladıq. Sən demə elə Giya bizim həsəd
apardığımız o evlərin birində yaşayırmış.
Şəkidən bir qrup dostlar da
gəlmişdi. Tanış olduq. Şəki Dram Teatrının aktyorları, Respublikanın
əməkdar artistləri Əbülfət Salamov, İqrar Əliyev və Qaxbaşı kənd sovet
sədrinin müavini Fərhad Hüseynov, diksiyasına, danışıq mədəniyyətinə,
əxlaqi səviyysinə heyran olduğum kənd müəllimi Aydın Məhərrəmov, Qiyanın
dərdinə şərik olmaq üçün onun ətrafında idilər. Sən demə onların hamısı
məni qiyabi tanıyırmış, bu səbəbdən köhnə dostlar kimi görüşdük.
Görünür
İncəli olmağımdandı, burnum "samaqon" arağının iyini aldı. Ani olaraq
fikirləşdim ki, yəqin səhv edirəm, yas yeri hara, araq hara. Sən demə
yanılmamışam, Giya ayağa qalxıb hamımıza xoşgəldin etdi və adətlərini
anladıb dedi ki, üç badəni ayaq üstə toqquşdurmadan vurmalıyıq. Birinci
badəni Lamara xanının ruhunun sağlığına qeyd edək. O, mənim sevimlim,
məni duyanım, məni yaşadanım idi. Əslində o ölümü ilə ağrılardan canını
qurtardı. Mən isə yaşayıram ki, onun yarımçıq qalan ömrünü yaşadım.
Beləliklə birinci badələr içildi və ikinci badədə Giya lamarasına həsr
etdiyi şeiri oxudu:
Ağ günümün hədiyyəsi,
Sınıq könlümün şüşəsi,
Evin ilk isti nəfəsi
Olubdu xanım Lamara.
Sevgi ümid sarmaşığı,
Misralarımın işığı,
Qəmə çəpərdi, ha şığı,
Durubdu xanım Lamara.
Xəyanətdə qıvrılırdım,
Talehimlə tək qalırdım,
Ev-eşiyim yıxılırdı,
Qurubdu xanım Lamara.
Sonra
dostlardan rica etdim ki, Giya haqda hərə öz fikrini söyləsin. Şəkili
sənətçi dostları Əbülfət və İqrar müəllim, İTV-nin çəkdiyi "Fosvor adam"
filminin çəkliş məqamlarından, həmin filmin baş qəhrəmanı olan Fosfor
adamın- Giya Paçxataşvilinin insani və yaradıcılıq keyfiyyətindən söz
açdılar, onun zəngin xüsusuyyərlərini səciyyələndirəcək maraqlı
söhbətlər etdilər. Könül dostu, əslən Borçalıdan olan Fərhad müəllim bir
poeziya vurğunu kimi onun Borçalıyla bağlılığından, yazdığı şeirlərdən,
Aydın müəllim isə zəngin yaradıcılığının, tərcümələrinin orjinallığını
vurğulayıb digar sahələrdə əldə etdiyi uğurlardan danışdı, Azərbaycan
ədəbiyyatına verdiyi töhvələrə qayğılara görə təşəkkürünü bildirdi.
Şəkili
qonaqlar getdikdən sonra Fərhad müəllimlə Aydın müəllim bizi
yuxarılara- İlisu kəndinə qaldırdılar. Etiraf edim ki, özümü nağllar
alamində hiss edirdim. Rəssam gözlərim 4 olmuşdu. Heç bilmirdim hara
baxım. Gözünü hara çevirirdin, bir əsrarəngiz mənzərə canlanırdı. Bu
mənzərədən gözünü çəkməmiş bir başqa mənzərə açılırdı göz önündə. Uca
dağ döşünə ilişib qalmış topa buludlar, quş sədalarına qoşulub dağ ətəyi
ilə yellənib axan cıyının səsi, sağdakı yuksəkliyin zirvəsindəki Şeyx
Şamil qalası, Qədimliyini qoruyub saxlayan İlisu kəndinin daş döşənmiş
enişli-yoxuşlu burma yolları, kirəmid damlı evləri, daş hasarları
bir-birinin ardınca adamın gözlərini oğurlayırdı. Bəldçimiz olan Fərhad
Məllim isə kəndin özəlliklərindən, qədim abidələrin tarixindən söhbətlər
açırdı.
Allah Lamara xanıma Rəhmət eləsin. Kim bilir yolumuz düşəcəkdimi Qax rayonunun bu füsnükar gözəlliklərinə.
Gənc dostlarımla geri dönəndə artığ gün əyilmişdi. Qaxdan çıxanda hər şey bir andaca adiləşdi sanki.
Təbiətin
və təbiət qədər maraqlı insanların cezv dairəsinə düşmüş gənc dostlarım
sanki yuxudan ayılmışdılar. İlahə xanım heyrətini gizlətmədən nağıılar
alimnə düşdüyünü deyib soruşdu:
-Məmməd müəllim, tanış olduğumuz
insanlar da gözümüz doymayan təbiət mənzərələri qədər zəngin idilər. Mən
bu səfəri yaddaşıma yazdım. Amma içimdə bir kədər hissi oyandı. Giya
Lamarasız necə yaşayacaq?
- Həə, bu kədər çoxlarını düşündürür. Amma
Giya çox təmkinli və müdrik insandır. Onda ruhdan düşmək, pessimizə
qapılmaq, ümiddən əl çəkmək, ümidsizləşmək əlamətləri yoxdur. Çün ki,
özü demiş," Dostlar var olsun." Onun özü kimi ləyaqətli, etibarlı
dostları şoxdur və bu dostlar ordusu həmişə onun arxasındadır. Ona görə o
çox güclüdü, yenilməzdi. Nə gizlədim, mən hərdən ümidzizliyə qapılanda
Giyanın əqidəsindən təsəlli tapıram...
P.S. Giya Paçxataşvilli
1961-ci ildə, yanvar ayının 29-da, Çexovun anadan olduğu, Puşkinin
dueldə öldüyü gündə anadan olub. 21 tərcümə, 5 müəllif kitabının
müəllifidi. 2000-ci ildə Prezidentin fərmanı ilə Az.TV tərəfindən
Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi
çəkilmişdir. Ədəbi Birliklərin "Zərdabi", "Ümid işığı" ödüllərini və
Səməd Vurğunun "Qolos" adlı kitabının tərceməsinə görə 2006-cı ildə
"Səməd Vurğun medalı" ilə təltif olunmuşdur.
Hiç yorum yok:
Yorum Gönder