“Qonağımız
var” rubrikasının bugünkü qonağı tanınmış şair-publisist, tərcüməçi-jurnalist
Giya Paçxataşvilidir.
-
Hörmətli Giya müəllim, haqqınızda çox yazıblar. Azərbaycanı sevən, bu
millətə hörmət edən şəxs kimi tanınırsınız. Və sevənləriniz sizə yetərincə
dəyər verir. Mən sizə ünvanladığım suallarla ictimaiyyətə iki elin məhəbbətini
qəlbində yaşadan və onun ağırlığını çiyinlərində hiss edən bir şəxsiyyət kimi
təqdim etmək istəyirəm. Bu istəklə də aşağıdakı sualları sizə ünvanlayıram.
-
İki xalqın sevgisi qəlbinizdə necə yer tapa bilib?
-
İnsan milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi
sevməlidir və bu sevgi təmənnasız olmalıdır – yaxşılıq kimi. Yaxşılığın isə nə
rəngi, nə də milliyyəti olur. Bunları dərk etdikdə, sevgini hamıyla paylaşmağa
can atırsan. Mən Azərbaycanlılardan da, gürcülərdən də yaxşılıqla sevginin
birləşməsi nəticəsində ortaya çıxan qarşılıqlı hörmət gördüyümdən, hər iki
xalqa olan məhəbbət qəlbimdə rahatca özünə yer alıb, bir-biriylə gözəl yola
gedir.
-
Sizi bizim dilimizə bağlayan nədir?
-
Hər bir dil məxsus olduğu xalqın mənəviyyatına aparan yol, onun
zəngin xəzinəsinə açardır. Dili bildin, onun xalqını sevdin, dərin sərvətlərinə
baş vura bildinsə - deməli, açar sənindir. Sadəcə, həmin açarı itirməyəsən
gərək...
Dilə də, elə də bağlılıq o açardan necə
istifadə etməyindən çox asılıdır. Çalışıram, əldə etdiyim açara xəyanət
etməyim. Axı, Azərbaycan dilinə bağlılığım o xalqı təmsil edən insanların
səmimi davranışından keçir. Bunu unutmaq olmaz.
-
Bəxtiyar-Səməd Vurğun sevgisi qəlbinizdə qarşı-qarşıya dayanıb,
bir-birini qısqanmır ki?
-
Bəxtiyar Vahabzadə müdrikliyi, Səməd Vurğun lirizmi Azərbaycan
poeziyası haqqında tam təsəvvür yaratmaq qüdrətindədir – onları sevməmək
mümkünsüzdür. Onlara məhəbbət olan yerdə qısqanclıqdan söhbət belə gedə bilməz.
-
El olub Vurğuna vurğun,
Vurğun da elinə vurğun.
Qurban olum Azərbaycan,
Bir də yetir belə Vurğun.
Bu deyimin müəllifi kimdir?
-
Mən təhsili (ali təhsilimi də) rus dilində almış, Azərbaycan dilinə
sonradan yiyələnmişəm. Yaxşı olar ki, bu suala ədəbiyyat tədqiqatçılarından
biri cavab versin. Bu, tərcüməçi Giyanın səlahiyyətində deyil.
-
Ədəbi mühitdə imzanı tanıtmaq üçün sizcə kim olmaq lazımdır?
-
Azərbaycan radiosunda Tahir Talıblı adlı səriştəli jurnalist çalışır.
O həm də gözəl şeirlər müəllifidir. Onun belə misraları var:
İmzaların tünlüyündə yox olan
Qərib idi, Qürbət idi, mən idim...
Faciə o vaxt olur ki, Vətəndə qürbətdə olan
qərib kimi yaşayasan və saxta imza tünlüyündə imzan yox ola. Bu yerdə Anarın
“Adamın adamı” əsəri yada düşür. Anarın da, Elçinin də adamı olduqları üçün
imzaları vaxtında, zamanında tanınıb, onları vaxtında görüblər. Tahir
Talıblını, Giyanı isə hələ də görən yoxdur. Sualınıza da dəqiq cavabı isə,
zənnimcə “Görmürlər məni” şeiri verə bilər:
“Tanrıya uzanan yolam,
Vədlərdən tox, “yox”dan bolam.
“Oyundankənar” bir “qolam”,
Odur ki, görmürlər məni.
Dərd daşımaqla məşğulam,
Qələmə, kitaba qulam.
Sulara qərq olmuş çulam,
Odur ki, görmürlər məni.
“Teleaşiqlər”, şortular
Dünyanın zövqün pozdular.
Meydan sulayır lotular,
Odur ki, görmürlər məni...”
-
Qələminizlə uzun müddətdir Azərbaycan ədəbi mühitinə xidmət edirsiz.
Layiqli dəyərinizi ala bilmisinizmi?
-
Mənə elə gəlir ki, yuxarıdakı şeirim həm əvvəlki, həm qismən də olsa,
bu suala cavab verdi. Əlavə olaraq, deyə bilərəm ki, dəyəri almırlar, onu
qazanırlar. Camal Mustafayevin, Nizami Tağısoyun, Teymur Əhmədovun, Məhərrəm
Qasımlının, Qiymət Məhərrəmlinin və adını çəkmədiyim bir çox ziyalının
qiymətini qazanmaq – layiq olduğun mükafata yiyələnmək kimi bir şeydir. Qaldı
dövlətin dəyərləndirməsinə ona şeirim hər şeyi deyir.
“Söz adamı üçün
Dövlət mükafatı –
Xaltadır... Xaltadır...
Xalta...
Azad sözə çalınan
Baltadır... Baltadır...
Balta...!!!”
-
Sovet dönəmində “yoldaş” sözü çox pafoslu səslənirdi, yoxsa
dilimizdəki “bəy” sözü?
-
“Yoldaş” sözü sovet ideologiyasının “vizit kartı” idi... “Bəy” sözü
isə gerçəkliyimizə heç yapışmır. Bəylər olsaydı, nə papaq, nə namus, nə də
torpaq (Qrabağı nəzərdə tuturam) əldən gedərdi. Bu yerdə elin gözəl məsəli
düşür yada: “Gədədən bəy olmaz”. Nə isə...
-
Rəssam olsaydınız, sükutun rəngini hansı rəng seçərdiniz?
- Rəssam olsaydım, sükutu qırmızı, ya da
qara rəngə boyayardım: qan, ölüm büsbütün bürüyüb dünyanı. Axı, insanlıq haraya
gedir?! Allah axırından saxlasın...
- Səməd Vurğunla Şota Rustavelini
birləşdirən nə idi?
- Hər iksi Vətəndaş, sonra isə nəhəng Şair
oldular. Birinin “sarı sim”i saza, digərininki isə çonquriyə köklənmişdi. Xalqa
yaxınlıq və xeyirxahlıq idi onları birləşdirən.
- SSRİ yenidən bərpa olunsa, bütün ölkələrin
proletarları birləşə bilərmi?
- “Bütün proletarlar, birləşin!” şüarı
SSRİ-də heç vaxt birləşməyən kasıbların “ittifaqı” idi. Sistem dağıldı və
kasıblığın görünməyən tərəfi üzə çıxdı... Məlum bir həqiqət var; kasıb kasıbın
varlanmasını istəmədiyindən elə kasıb olaraq qalır. Onların hansı birliyindən
söhbət gedə bilər? O ki qaldı SSRİ-nin bərpasına – bu mümkünsüzdür! Axı,
“geriyə yol yoxdur!” Hansısa yeni qurum (MDB-yə lənət!) yaransa belə,
proletarların birləşməsi utopik xarakter daşıyacaq... Gəlin, hər şeyi zamanın
və Allahın ixtiyarına buraxaq.
- Leninin məşhur kəlamı var: “Oxumaq, oxumaq
və yenə də oxumaq!” Bu gün bu söz təsdiqini tapa bilirmi?
- Leninin həyat tərzi və ziyalılara
münasibət mənə haqq verir deyim ki, “oxumaq, oxumaq...oxumaq!” tezisi heç də
ona məxsus deyil. Əks halda, nə o, sonralar isə Stalin ziyalıları gülləbaran
etməzdi... Sözügedən tezis Azərbaycan reallığını tam əks etdirməkdədir.
Ekran-efir oxumaları (bizdə hamı oxuyur) elmdən çox, elmsizlikdən xəbər verir.
- Bu gün Bəxtiyardan sonra elə bir unikal
şair varmı ki, qəlbinizdə ona heykəl ucaldasız?
- Bəxtiyar Vahabzadənin “Gülüstan”ı və Xəli
Rza Ulutürkün “Davam edir 37”
əsərləri – azadlıq poeziyasının şeypurudur, desəm yanılmaram. Bu iki sima təkcə
mənim deyil, bütün müstəqil düşünənlərin qəlbində heykəlləşib. Və bu heykəli
oradan bir kimsə qopara bilməz. “Şairlər vətəni” Azərbaycanda heç şübhəsiz,
haçansa yeni Bəxtiyar olacaq... Hələliksə real Bəxtiyarın poeziyasından həzz
almalıyıq.
- “De-Qoll” ləqəbli şəxsiyyət kimdir?
- Fransa Müqavimət hərəkatında Qaxın Qorağan
kənd sakini Bessarion Saknelaşvili ilə birgə Şəkidən Əhmədiyə Cəbrayılov da
mərdliklə vuruşmuşdur. Müharibədən sonra Fransanın prezidenti Şarl-de Qoll
Əhmədiyəni tapıb Fransaya dəvət edir. Yalnız bu hadisə həqiqətin bərpasına
şərait yaradıb. Və “DEQOL” ləqəbli Şəkili kəşfiyyatçı Fransa “Legion Ordeni”nə,
ardınca isə “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb.
- Siz demokratiyanı daha yaxşı görə bilərsiz
– iki xalqın nümayəndəsi kimi. Bu fərqi görmək və seçmək çətin deyil ki?
- Əslində, xəyallar ölkəsi adlanan ABŞ-da
belə tam demokratiyadan danışmağın özü belə xam xəyaldır. Sadəcə, nisbi
demokratiyadan söhbət gedə bilər. Bu və ya digər formada vicdan və düşüncə
azadlığı məhdudlaşan yerdə həmin tezis öz demokratikliyini itirir və nisbi
xarakter daşıyır. Bu baxımdan, fərq o qədər də böyük olmasa belə, Gürcüstanda
bütün sahələrdə rüşvət aradan götürülür, cinayətin kökü kəsilməkdədir – sağ əli
Azərbaycanın başına...
- Qarabağ həqiqətinə münasibətiniz?
- Həqiqət budur ki, “Qarabağ problemi”nin
açarı Kremlin seyfindədir. Sadəcə, Moskva bu “qələt”in ilhamçısı olduğundan,
oradan bu açarı götürməyə tələsmir – bunu Bakıda da, İrəvanda da gözəl dərk
edirlər... Birincilər susur, ikincilər isə gözləyir...
- Azərbaycan-Gürcü dostluğunun kökü
dərindirsə, bəs sizcə tarixi nə vaxtdan başlanır?
- Siz özünüz bu suala qismən cavab verdiniz:
yəni, dostluğun kökü dərindədirsə, demək bu xalqlar bineyi-qədimdən bir-birilə
ünsiyyət qurmuş, qardaşlıq münasibətində olmuş və olacaqlar. Hər yerdə Qafqazlı
deyiləndə gürcüləri və Azərbaycanlıları nəzərdə tuturlar. Mesopotamiyadan və
Livandan gəlmə ermənilərin isə Qafqaza heç dəxli yoxdur – onlar bir sağalmaz
mikrob (xərçəng şişi) kimi qəsdən atılıblar buraya...
- Həqiqəti qəbul etmək və dilə gətirmək çox
çətindir. Bu gücü özünüzdə hiss edə bilirsinizmi?
- Xain xoflu olar, deyib atalar. Allah
xofundan savayı, heç bir qorxu hissini yaxına buraxmadığımdan, həqiqəti üzə
deməkdə çətinlik çəkmirəm və onu şəffaf şəkildə qəbul edirəm. Düşmənin də öz
həqiqəti var... Çalış onu tərəziyə qoy və nəticəni çıxar. “Haqq nazilər,
üzülməz” – bax, budur əsil həqiqət!
- Nədənsə “açıq sözlüllərin” səsi az
eşidilir. Qarıldayan qarğalar yaman baş ağrıdır. Ağrıyan başların loğmanı nə
vaxt tapılacaq?
- Loğman şübhəsiz ki, var. Sadəcə,
cəmiyyətimizin başbilənlərinə onu üzə çıxartmaq sərf eləmir. Əks halda, millət
ataları cəmiyyəti idarə etmək gücündən düşər və həmin loğmanın ilk
“xəstələri”nə çevrilərlər.
-
Yolruh Atalının çoxdilli Azərbaycan ədəbiyyatı haqqında dediklərini qəbul
edirsinizmi?
-
Qoyun bu suala filosoflar cavab versin... Mən qəbul etdiyim çoxşaxəli, zəngin
və qədim ənənələrə malik Azərbaycan ədəbiyyatıdır, vəssalam!
-
Sizcə, dilimizə olan ögeyliyi harda axtaraq?
-
Yalnız özümüzdə və yaşadığımız cəmiyyətdə!
- Siz
sözünüzü deyən, reallığı görən jurnalistsiniz. Olubmu ki, sizə eyham vursunlar:
“Gəmidə oturub, gəmiçi ilə dalaşma”?
-
Şəxsən mənə eyham vuranlar olmayıbsa da, o qədər namuslu və təmiz jurnalist böntanın,
hətta fiziki zorakılığın qurbanı olub ki... Hələ aradan götürülənləri demirəm.
Görünür, bu, media əhlinin qədəridir. Axı, həqiqəti çoxları sevmir. Gəmiçi elə
olmalıdır ki, gəmidə dava qopmasın - əks halda, gəmi mütləq batasıdır.
- Siz istedadlı insanı tanımaqda mahirsiniz –
bu, bir vergidirmi?
-
İstedadlılara qanım qaynadığından, onları qəlbən hiss edirəm. İnsanları
tanımaqda heç də mahir deyiləm. Elə ona görə də, xəyanət daim “yol yoldaşım”
olub.
-
Bizim dilimizə münasibətiniz təqdirəlayiqdir. Bəs dinimizə münasibətiniz
necədir?
-
İslam dini sonuncu və mükəmməl dindir, bu faktdır. Mənim münasibətim olduqca
müsbət və məhrəmdir. Bu dinlə kifayəy qədər tanışlığım var. Ümumiyyətlə, pis
din anlayışı yoxdur, pis adam anlayışı var.
- Bu
həyatın qəlizliyini siz sadələşdirirsiz, yoxsa öz-özünə həm sadələşir, həm
qəlizləşir?
-
Həyat bizə Tanrı tərəfindən verilmiş bir yaşam tərzidir. Təbii ki, buraya kodla
yanaşı, istedad amili də daxildir... Bəxt və təsadüf amilini də unutmaq olmaz.
Sadalananların cəmi həyatı həm qəlizləşdirir, həm də sadələşdirir. Sadəcə,
insanın aktiv və ya passiv istirakı həyatın sadə və ya qəlizliyini şərtləndirə
bilər. Özünə problem (mənəvi problem) yaratmamaq üçün şəraitin qulu olmayasan
gərək. Həyatın qəlizliyi də elə bundadır. Mütilik, hər şeylə razılaşmaq və
yalnız yemək üçün yaşamaq həyatı sadədən-sadə edir. Bax, onda insanla heyvan
arasındakı fərq itir. Ona görə də mən həyatın qəlizliyini seçirəm. Axı,
mübarizə elə həyat deməkdir.
-
Sizi öz millətinizdən qınayanlardan olubmu ki, bəsdi özünü fəda etdin başqa bir
millət üçün?
-
Xeyr, çünki yaradıcılığımla, həyat tərzimlə buna imkan yaratmamışam.
Beynəlmiləl bir vətəndaş kimi, millətlərin hamısına eyni gözlə baxıram.
- Bu
sualı sizə versəm də, bağışlayın. İnsanın riyakarlığı gözündən bəlli olur.
Gözləriniz zəif gördüyündən, bunu necə hiss edə bilirsiniz?
-
Lupa ilə... (Gülür...) Şaka yapdım. Göz insanın iç dünyasına aparan yoldur.
Lakin insanı “görmək” üçün böyük ürəyin və hissiyyatın (həssaslığın) sahibi
olasan gərək. Bu keyfiyyətlər zəifgörmə qabiliyyətini rahatca arxa plana atır.
Hər halda, Allah bir tərəfdən alırsa, o biri tərəfdən verir – özü də
artıqlamasilə...
- Bizim muğamlara münasibətiniz...
-
Muğam sənəti Azərbaycan xalqının mənəvi-etik möhürü olsa belə, çoxdan
ümumbəşərilik statusu qazanıb. Bu, danılmaz həqiqətdir. Muğamı anlamamaq, onu
sevməmək ziyalılıqdan kənar olmaq kimi bir şeydir. Mən həm muğamlardan, həm də
muğamatın ayrılmaz hissəsi olan qəzəlləri dinləməkdən həzz alıram. İmkan
düşdükcə, Azərbaycan radiosunun “Muğam saatı”na böyük məmnuniyyətlə qulaq
asıram.
-
Deyirlər, çox bilən quş dimdiyindən tora düşər. Tora düşməmək üçün nə etmək
lazımdır?
-
“Ağıldan bəla” vəziyyətinə düşməmək üçün qurulan torları görəsən gərək. Elə ki
gördün, sənə zaval yoxdur. El məsəli var: “Eşşək palçığa bir dəfə batar”.
Çalış, heç bir dəfə də palçığa batma və çətinə düçəndə biliyini çağır!
-
Ədəbi mühitdə olan sıçrayışa söz azadlığı lazım idimi? Bu sıçrayışla irəli
getmək əvəzinə, niyə yerimizdə sayırıq?
-
Senzura götürüldü, söz azadlığına meydan verildi. Yazarların əksəriyyəti
çaş-baş qaldı. Axı, onlar azad düşüncəyə malik deyildilər – ideoloji əsarət
belələrinin əl-qolunu bağladı. Nəticədə, ədəbiyyat heç nə qazanmadı. Görünür,
senzura da, söz azadlığının məhdudiyyəti də ədəbiyyatın xeyrinə imiş. Puşkin,
Lermontov, Yesenin, Mikayıl Müşfiq, Almas İldırım... nəhayət, Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk sübut etdilər ki, ədəbi sıçrayışı istedad, zəhmət,
siyasi çeviklik və analiz, o cümlədən, savad şərtləndirir... Bu keyfiyyətlərin
qıtlığı boz ədəbiyyatın yürüşünə şərait yaratdı. Beləliklə, hər hansı ədəbi
sıçrayışdan danışmaq hələ tezdir. Lakin bəzi uğurlu nümunələr gələcəyə ümidlə
baxmağa sövq edir insanı...
-
Sizcə, vətəndaş olmaq üçün şair olmaq lazımdır?
-
Şair vətəndaş olmalıdır – bu, şəksizdir. Çox-çox təəssüflər olsun ki, elə
şairciklər var ki, onlar vətəndaşlıqdan yüz işıq ili uzaqlığındadırlar. İndi
mədhiyyəmilər ordusu yaranıb ki, onlardan ötrü müqəddəs heç nə yoxdur. Belələri
təkcə Vətəni deyil, şəhidləri belə alver alətinə çevirib, yalnız şəxsi mövqe və
qazanc barədə düşünürlər. Onların “əsərləri”ndən küçə qadınlarının qazandıqları
pulların qoxusu gəlir... Vay, belə “şair-vətəndaşlar”ın halına!!! (Burada
insanın sosial statusu qabardılmamalıdır!)
- Bir
jurnalist kimi, üstünlük verdiyiniz məqam nədir?
-
Jurnalistlərə görə, maqam - əlverişli fürsət tapıb, ən maraqlı hadisənin
mərkəzində ən birinci olmaqdır. Məqamında olayı yazıya almaq və ya hadisəni ilk
olaraq tamaşaçıya çatdırmaq jurnalistin əlinə düşən uduş lotoreyasıdır. Mən
üstünlüyü operativliyə verirəm. Ara-sıra publisistik yazılar dərc etdirsəm də,
aktiv jurnalistikaya macal tapmıram: vaxtımın çoxunu mütaliə və bədii tərcümə
aparır.
- Öz
dilini bilməyib, ağız əyənlərin yanında heç özünü öymüsünüzmü ki, mən sizin
dilinizi sizdən yaxşı bilirəm?! Belələrinə münasibətiniz...
-
Dəfələrlə vurğulamışam ki, milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşı Azərbaycan dilində danışmağa borcludur. Bir neçə dil bilmək nə
vaxtdan ayıb sayılıb?! Doğma dilini bilməyənlərin yanında özünü öymək
təbiətimdə deyil. Sadəcə, həmin (Azərbaycan) dildə onlardan yaxşı danışıb,
yaxşı yazmağa çalışıram ki, o kəslərdə milli qüruru və milli heysiyyatı oyada
bilim.
-
“Bir millət – iki dövlət” kimi kənardan necə görünürük?
- Hər
halda, yaxşı görünməyini çox istərdim... Lakin mənə görə, nəzərə çarpan fərq
üstünlüyü Azərbaycana verir: belə ki, Avropa təhsilinə uğramış türklər
Azərbaycanlılar qədər istiqanlı və qonaqpərvər deyillər. Türkiyədə
Azərbaycanlılara və xüsusilə Azərbaycan qadınlarına münasibət ürəkaçan deyil...
Bununla belə, türklərin vətənpərvərliyi – onların orduya, dövlət atributlarına
münasibəti təqdirəlayiqdir. Nə vaxt deyilən mənəvi-etik kateqoriyalarda eynilik
olsa, o zaman “bir millət-iki dövlət” anlayışı öz real gerçəkliyini tapmış alacaq.
Bax, onda bu mənzərə kənardan da gözəl görünəcək. Mən bunu çox, lap çox
istəyirəm.
-
“Anası göyçək” bizim leksikonumuzda pis səslənir. Yazdığınız şeirdə sizlərə xoş
gəlib, təşrif buyuran o “anası göyçək” kim idi? Təəccüblü, çox da maraqlıdır...
- Hər
halda, sualınızı cavabsız qoysam, məndən inciməzsiniz. Bircə onu vurğulaya
bilərəm ki, şeir qəhrəmanının anası heç də yaxşı yolun yolçusu olmayıb.
- Öz
kölgəsi ilə rəqs edən də var, sürünən də... Hansına daha çox önəm verərdiniz?
Başqasının kölgəsini qılınclayanlar da istisna deyil ki?
- Mən
öz kölgəmə tapınan, sükutla dostluq edənlərdənəm. Başqasının kölgəsini
qılınclamaq insafdan deyil. Çalış, bir anlıq özünü həmin o başqasının yerinə
qoy, sonra nəticə çıxart – mənim qənaətim belədir.
-
Qarşınızda özünü tələbə hiss edən qələm sahibinə müsahibə vermək sizə necə
təsir bağışlayır?
-
Səriştəli jurnalist səviyyəsinə çatan “tələbə”nin suallarına cavab vermək
imtahan vermək qədər məsuliyyətli bir işdir. Ağıllı və məntiqli suallar həmişə
söhbəti uzadır və müsahibi qəlbən yüngülləşdirir. Siz bunu bacardınız.
-
Səmimi söhbətə görə, təşəkkürlər.
Təranə
Nazimqızı.