2 Ağustos 2014 Cumartesi

Yarı Bakı, yarı Qaxam

Giya Paçxataşvili (Kivi) - Azərbaycan dilinin, ədəbiyyatının, tərcümə sənətinin, başlıcası isə dövlətçiliyinin təəssübkeşi kimi tanınan qələm sahiblərimizdəndir.
Ana dilimizin zənginliyindən, çoxçalarlılığından yararlanıb o qədər zərif, yatımlı, könüllərə nüfuz edən şeirlər yaradıb ki... Milliyyətcə gürcü olmasına baxmayaraq, Giya Paçxataşvili Azərbaycan xalq yaradıcılığını, aşıq poeziyasını, xüsusən də bayatı ovqatını dərindən bilir. Bilir demək azdır, onları hiss edir, o havada yaşayır, udum-udum ciyərlərinə çəkdiyi havadan könül oxlayan şeirlər yaradır. Son aylar Givinin şeirləri yaralı durnaya bənzəyir, ovçu gülləsindən zədə alan durna kimi yarasına sarğı gəzir o şeirlər. Səbəb bəllidir - Givi ürəyinin təpərini, sevgisini, qadınını torpağa tapşırıb. Artıq üç aydır ki, Bakı ilə Qax arasında sərgərdan dolaşır... Bakıya gələndə elə xəyal edir ki, Lamara Qaxda onun yolunu gözləyir, xəyal qanadlarında Qaxa qayıdanda isə Lamaranın Bakıda qaldığını zənn edir. Lamara əslində ruhən Givinin qəlbində, damarlarından axan qanda yaşayır, cismən isə ana Vətənində-Qaxda torpağın ağuşunda yatır... Şairin sizə təqdim etdiyimiz şeirləri sevimli həyat yoldaşına, ürək-könül sirdaşına-Lamara xanımın xatirəsinə həsr olunur...
Tale əkizimə
(S.B-ya)
Aprelə sığışan faciəyə bax
Sənin ərin getdi, mənim arvadım.
Bizlə daima dərd tək qalacaq
Göz yaşı axıdan o «Yetim» adı.

Mənə dəyən zərbə neştərdən betər
Hər şeydə görürəm yar yoxluğunu.
Yaşa...balaların hiss edə bilsin
Könül toxluğunu, göz toxluğunu.

Sən Allah, mənim tək gizlicə ağla,
Balalar yanında qəlbin dolmasın.
Gündüzlər güc topla, gecə yas saxla.
Yaşa ki, onlar da yetim olmasın.

Bir ucu ölümlü dünyadan yapış,
Əyərlər, dərdlərə əgər əyilsən.
Bunu dərk etməyə, bilməyə çalış:
Sən artıq atasan, ana deyilsən.

Builki aprelin gəlişinə bax.
Səni ər ağlatdı, məni-arvadım.
Heç vədə bənzəri olmasın, Allah,
Mənim həyatıma onun həyatı.

Beləcə...
Qulağıma sırğaladım səsini,
Qəlbimə həkk etdim əksini.
Gecələr vicudum diksinir-
Beləcə yaşayıram...

Səhəri narahat açıram,
Təkliyi beynimə sancıram...
Elə hey özümdən qaçıram-
Beləcə yaşayıram...

Gülləri suvarıb deyinirəm,
Dözüm libasın geyinirəm...
Əməlli pozulmuş sinirəm-
Beləcə yaşayıram...

Evimə gəldimi dost-tanış,
Başlanar təsəlli, aldanış
Yazikən qəlbimə girər qış-
Beləcə yaşayıram...

Lamarasız əriyən şamam,
Səhəri açılmaz axşamam,
Yarımçığam, natamamam-
Beləcə yaşayıram...

Tufana tuş olmuş gəmiyəm,
Ağrılar, əzablar cəmiyəm,
Mən yetimlər hakimiyəm
Beləcə yaşayıram...

Giviyəm, yığvalı pisləyirəm,
Özümü qəlbimdə gizləyirəm...
Ölümə növbə gözləyirəm-
Beləcə yaşayıram...
Beləcə yaşayıram...

Məndən yaz...
(Çox güman ki, könlümü almaq üçün Lamaranın müqəddəs ruhu belə deyərdi)

Giya, yetər, ağlama,
Gəl, ruhumu dağlama
Üzülüb yas saxlama
Ölənlə ölmək olmaz
Vaxt sənindir, yaşa, yaz
Səni tərk edəndən yaz -
Məndən yaz...

Ağlamaq ürək yorur,
Şair qanını sorur,
Fağır canını qoru...
Gedən karvan dayanmaz-
Vaxt sənindir, yaşa, yaz
gəlir qələmdən, yaz
Məndən yaz...

Sən ki, səbr, dözümsən,
Özündəki özümsən,
Həyatdakı gözümsən
Dərdə əyilmək olmaz-
Vaxt sənindir, yaşa,yaz
Səni dərk edəndən yaz...
Məndən yaz...

Tez-tez qəbrimə dəymə,
Dik tut başını, əymə
İncə ruhumu döymə.
İnan, torpaq tablamaz-
Vaxt sənindir, yaşa-yaz
Sevdiyim güllərdən yaz
Məndən yaz...

Göz yaşını sil görüm
Bu ölümə gül görüm,
Yanındayam, bil görüm
Kişilər ki, ağlamaz-
Vaxt sənindir, yaşa, yaz
O keçən günlərdən yaz-
Məndən yaz...

Mən gedəndə gəldi yaz,
Qəlbim dönüb oldu saz,
Tanrı səni unutmaz,
Onu hər kəs çalammaz-
Vaxt sənindir, yaşa, yaz.
Məni sevməyindən yaz,
Məndən yaz...

Gəl vidalaşaq daha,
Tapın yalnız Allaha,
Baş çək Bakıya, Qaxa...
Bədbinliklə aşmaz
Vaxt sənindir, yaşa yaz,
Düşəndə... ələmdən yaz...
Məndən yaz...
Məndən yaz...

Lamaranın telefonu
Lamaraya tərcümə puluna
İkikartlı telefon almışdım...
Sanki onu sevinc çəlləyinə salmışdım.
Dərhal qohum - əqrabalarının
yaddaşına,
bloknotlarına yazıldı,
sırğa əvəzinə
qulaqlarından asıldı
Telefonun nömrəsi...
başladı dilə gəlməyə
Onların pul istəkli,
Yaxşılıq diləkli
Riyakar səsi,
Lamaranın həyalı üzündən,
Gül qoxulu sözündən,
Təmınnasız əməllərindən,
Kitablarından, dəftərlərindən
Yoxa çıxdı «yox» kəlməsi...
Dörd il düppədüz
Susmadı telefonu
Gecə, gündüz,
Xəttin o başından
Yalvarıcı bir səslə
Yorulmaq bilməyən həvəslə-
İmkanlı, imkansız -
Kimi çatdı.
Halal Lamaranı aldatdı
Hərə öz məqsədinə çatdı!..
Bu zavallı danışıb
dinirdi,
Eləcə etdiyi yaxşılıqlara
Sevinirdi...
Elə ki, Lamara bərk xəstələndi
Sanki telefondan küllər ələndi...
Nömrəsi
qohum - əqraba
bloknotlarından,
yaddaşlardan,
sırğalı qulaqlardan silindi-
« qoçla, qara qoç bilindi...»
Hanı Lamaranın telefonu indiğ!
...İndi Lamara yuva qurub
Yetim gürcünün qəlbində...
Telefonu ömür sürür
Şair Giyanın cibində.
«...İndi bağ var, ərik»
Təkcə mən öz dərdimə şərik...
...Tanrı, özün hifz eylə
Tənha qalmış Givini.
Özün qoru Lamaramın
Qəm dünyasındakı həyətini,
Evini.

Gəzirəm...
Vurulmuşam-tək qanadam,
Göylərə sığmaz fəryadam,
Taxt-tacı tamam bərbadam
Yar ruhu gəzirəm...

Ölmüş şahlara vəzirəm,
Dərdlə ömrümü əzirəm,
desəniz müntəzirəm
Yar ruhunu gəzirəm...

Gəl, mənə qəzəl oxuma,
Çəpər çəkmişəm qorxuma,
Zəif yerimə toxunma,
Yar ruhunu gəzirəm...

Çətin açılan sabaham,
Allaha yüklənən aham,
Yarı Bakı, yarı Qaxam...
Yar ruhunu gəzirəm...

Özümə vurulmuş dağam,
Sınıq-salxaq köhnə tağam,
Sormayın üçün sağam-
Yar ruhunu gəzirəm...

Başı kəsilmiş igidəm,
Çoxdan quruyubdur didəm,
Aydan çox gözümdən itən,
Yar ruhunu gəzirəm...

Artıq quruca bir adam,
Tamı itirilmiş dadam,
Eşidirsən, ey Yaradan-
Öz yarımı gəzirəm,
Lamaramı gəzirəm...

Adsız şeir
Yetimlik -
Yolumu kəsən
Keçilməz bir qala...
Üstümə dərdlərim daraşır
Qalaq-qalaq...
Eləcə yaşayıram-
Lamaranı əzablardan qoparan,
Onu cənnətə aparan
Ölümün könlünü ala-ala...


İradə SARIYEVA
Bakı xəbər.-2014.- 7 iyul.- S.14.

Hiç yorum yok:

Yorum Gönder