Ruhum
Lamaranın ruhuna qovuşanda,
Qayğılarım həyatdan sovuşanda,
Alova tapşırın bədənimi…
Və hamınız bilin –
Çox, çox sevirdim
Məni sevməyən Vətənimi.
Söyləyim hamıya –
O, yana-yana yaşadı,
Yaşaya-yaşaya yandı…
Və sonra
Lamara məzarı adında,
Acı dadında,
Bir dayanacaqda dayandı…
Mən gedəndə
Yandırılmış bədənimdən,
Ayrıldığım Vətənimdən
Qalmış külümü
Dəmir qutuya qoyub
Lamaranın böyründə basdırın…
Ölümün əliylə
Məni incidən dərdləri
Yarımın başdaşından
asdırın…
22.09.2015
G&L
10 Ekim 2015 Cumartesi
24 Eylül 2015 Perşembe
QİYMƏT: Planeti bürüyüb emiqrant seli
Qaçqınlar, köşkünlər doğur bu dünya,
İmtiyaz işıqlı marağı əzir.
Yarağlar alınır, satılır həya,
Mərhəmət reklama bürünüb gəzir...
Əriyir ümmanda insan harayı,
Tabut da onlara qismət olmayır.
*
Tilsimə düşübdür planetin işi,
Əzrayıl bəyənməz belə gərdişi.
Mollalar, keşişlər pul qazanmaqda,
Yesirlər olubdur qul qazamatda...
İncil də, Quran da kəsərdən düşür.
Qaniçən kainat gora sürüşür.
21.09.2015
28 Ağustos 2015 Cuma
17 Mayıs 2015 Pazar
Ay Mədət Coşqun
Ölüm də bizə ağladı,
Sevinc alıb dərd saxladı,
Yaşamağı yasaqladı,
Ay Mədət Coşqun.
Yazı birdən qış eylədi,
Alqış yox, qarğış eylədi,
Gözləri yağış eylədi,
Ay Mədət Coşqun.
İndi qupquruca ləkik,
Ölüm kimi üzü bərkik...
Ayrı ayrılıqda təkik,
Ay Mədət Coşqun.
Dostluğumda sına məni,
Şeirinlə qına məni,
Qəbul et şəriknaməni,
Ay Mədət Coşqun,
Vay Mədət Coşqun.
Giya Paçxataşvili
06.05.2015.
16 Mayıs 2015 Cumartesi
Neynim?
Neynim?
Baş daşın qalıb həyətdə,
Yas tutur indi həyət də,
Həyət küsübdür həyatdan,
Neynim?
Başım sənin baş daşındır,
Baş daşına qardaşındır,
Məzar həyat yoldaşımdır,
Neynim?
Heyf, gec-gec baş çəkirəm,
Dərd əkirəm, dərd çəkirəm,
Sonra siqaret çəkirəm,
Neynim?
Giya Paçxataşvili
15.05.2015.
15 Nisan 2015 Çarşamba
10 Nisan 2015 Cuma
Dərddən süzülən misralar
Atalar “ölüm gözlə qaş arasındadır” desələr də, ağır xəstəliyin gətirdiyi ölüm insanı çox sarsıdır. Bunu qəfil və gözlənilməz sayanlar da var. Hər halda ölüm ölümdür, itki itkidir. Əziz dostumuz, milliyyətcə gürcü qardaşımız, istedadlı qələm sahibi Giya Paçxataşvilinin ailəsində bir il əvvəl baş verən agır itki bizim hamımızı - onun yaxınlarını, dostlarını, qohumlarını sarsıtdı. O özünün sevimli ömür-gün yoldaşını, cəmiyyətin uzun müddət mübtəla olduğu xərçənglə mübarizədə bu ağır xəstəliyə uduzan Lamarasını itirdi. Zəhmətkeş bir insan, həlim xasiyyətli insanın içində gəzdirdiyi dərdlərinin üstünə böyük bir dərd də gəldi.
Uzun müddət Qarabağ dərdlərindən, milliyətcə gürcü olsa da, mənən özünü qarabağlı hesab edən və özünə doğma bildiyi yurd nisgilindən yazan Giya qardaşımız yenidən qələmə sarılaraq vərəqlərə köçürməyə başladı. Qarşımda olan “Son - Əvvələ gedən yol” kitabının ərsəyə gəlməsinin səbəbi də elə budur. Kitabı mənə təqdim edəndə əvvəlcə dərinə çox getmədim. Amma bu günlərdə onu yenidən vərəqləyib oxuyanda məni dəhşət bürüdü. Bu kitaba dogrudan da özünün Lamarasız dövrünü yaşayan, neçə il bir yerdə, bir yastığa baş qoymuş ömür-gün yoldaşını qəfildən itirən sadiq və vəfalı bir ərin fəryadı, harayı hopub. Ədəbiyyatımızda dünyasını dəyişən yaxınlarına şeirlər, əsərlər həsr edən sənətkarlarımız olub. G.Paçxataşvili də öz ürək yanğısını söndürmək, toxtaqlıq tapmaq, bu dərdini də yaxınları ilə bölüşmək üçün qələmə sarılıb, poeziyaya müraciət edib. Məhz buna görə də o, kitabını mənə təqdim edəndə “kağızlara köçürürəm dərdimi, için-için ağlayıram, neynəyim” - dedi. İnsan dərdini bölüşəndə azalır, sevincini bölüşəndə isə artır. Giya qardaşımız mərhum Lamarasına “dişinlə, dırnağınla yurd-yuva düzəltmişdin mənim Lamaram, ay mənim sevimli ömür-gün yoldaşım” deyib ah-nalə çəkir. Daha sonra isə dərdin əlində əsir olan ər, necə deyərlər, əlini hər yerə atır və sonda sadiq həyat yoldaşının ölümündə xəstəliklə bərabər özünü də müqəssir sayır, “yığvalıdı parasızlıq, içdən yeyir çarasızlıq” deyib sızıldayır:
Ayrılır gül çəməndən,
Gen düşəmmədim qəmdən.
Nə ər kimi ər oldum,
Nə həmdəm kimi həmdəm.
Yazılan şeirlərdə çox təsirli məqamlar var:
Bəd gününə sədd çəkərəm,
Dərdinə sərhəd çəkərəm.
Onu üzən ağrılara,
Dünya boyda dərd əkərəm.
Sevimli Lamarasının əvəzinə özünə ölüm arzulayan Giya o kədərli, təsirli hissləri belə bölüşür:
Ömür qaytar vaxtsız solan gülümə,
Gəl sevinmə məndən qalmış külümə…
Adam var ki, müdirinə qul düşüb,
Mən yazıq da qul olmuşam ölümə.
Canım ölüm, Lamaradan əl götür,
Düz sözümdü: mənciyəzi gəl götür.
Dəfn etməyə külünc götür, bel götür,
Rahatlığı bəxş et fağır könlümə.
Həyat davam edir Giya qardaşımız. Sən ölümə, əcələ müraciət edib, -
İraq eylə “xərçəng” adlı divini,
Yetim qoyma sənətkarın evini.
Məsləhətdir: dərhal apar Givini,
Dərd artırma dərdi olan elimə.
- deyirsən. Bu itki çox ağır olsa da, hər halda dözümlü və təmkinli olmalısan. Bunun üçün səbrli olmaq, özünü qorumaq, gələcək günlərinin, özünün xatirinə yaşamaq lazımdır. Allah da səbir edəni özünə dost tutur.
Deyirlər ki, ilham pərisi əsasən iki halda - qəmli-kədərli və sevincli-nəşəli halda qələm sahibinə qonaq olur. G.Paçxataşvilinin şeirlərini oxuduqca, buna bir daha əmin olursan. Onun son zamanlar yazdığı şeirlər məhz ailəsində baş verən ağır itki ilə bağlıdır. Can-ciyərini, sadiq həyat yoldaşını itirən Giya Paçxataşvili özünün dünya boyda dərd-qəmini nəzmə çəkərək haray salır, fəryad qoparır. Özünün halal çörəyi ilə boya-başa çatan, xoş günlərini xəstəliyədək birlikdə yaşayan sevimli Lamarasının ölümü, bu gürcü qızının çətin günlərinin şahidi olmuş Giyanı yarı yolda qoyması onu yandırır və həmin yanğını o, insan düşüncələrinin ən yığcam ifadəsi olan şeirin dili ilə oxucularına çatdırır.
G.Paçxataşvili uzun müddət düşmən tapdağı altında olan
doğma yurdumuz Qarabağdan, soydaşlarımızın torpaq həsrətindən, böyüyüb boya-başa yetdiyi Qaxın gözəlliyindən və bu diyara ürəyindəki sevgisindən, insanlarına məhəbbətindən yazıb. Onun vaxtilə Qarabağ adlı Vətən haqqında yazdığı şeirlərini ömür-gün yoldaşının dünyasını dəyişməsinə yazdığı şeirləri ilə müqayisə etdikdə görürsən ki, hər iki faciə Giyanı eyni dərəcədə ağrıdıb, əzab verib, yuxusuz gecələr bəxş edib. Ana torpaq və ömür-gün yoldaşının itkisi belə bir həssas insan üçün çox ağır dərd olsa da, Giya çox gözəl bilir ki, insan Tanrının ona verdiyi ömür payını yaşayır və buna görə də o, “tale yazısını pozmağa qadir deyiləm, Allahın işlərini yazmağa qadir deyiləm” - deyir. Sevimli Lamarasının belə ağır ölümü onun dərdinin üstünə dərd gətirib. Onun fəryadı o qədər güclüdür ki, Lamarasının onu tərk etməsi bir ailənin deyil, el-obanın dərdinə çevrilib. Özünün yazdığı kimi:
Dözüm göndərən Allah,
Dözüb də Tanrıya bax.
Dayağındır Şəki, Qax…
Qaxın “Yetim Gürcü”sü.
Son - əvvələ gedən yol,
O “əvvəl”ə hazır ol.
Gəl, ölümə çəkmə qol,
Qaxın “Yetim Gürcü”sü.
Buna baxmayaraq o, yenə də fəryad qoparır, ahu naləsi necə deyərlər aləmi bürüyür. Ədəbiyyatda ər-arvad münasibətlərinə, sevimli həyat yoldaşına məhəbbətin böyüklüyünə, müqəddəsliyinə həsr olunmuş müxtəlif səpgili əsərlər yazılıb, oxuculara təqdim olunub. Giya Paçxataşvilinin yazdığı bu şeirlər mən deyərdim ki, ər məhəbbətinin təcəssümü, ər faciəsinin poetik
ifadəsidir. Onun şeirlərini oxuduqca ömür-gün yoldaşına məhəbbətin böyüklüyünü hiss edirsən, duyursan. Bu məqamda Giyanın əvəzindən bizim də qəlbimizdən bir ağrı keçir, hisslərimizdən bu misralar süzülür. Qəlbimiz sanki dil açır:
Əzizim dağdan aşdı,
Səbrim də dolub daşdı.
Lamara küsüb getdi,
Giya qaldı gözü yaşlı.
Bəli, Giya qardaşımızın göz dağı olan ömür-gün yoldaşının məzarı elə Lamarasının xatirinə onun üçün müqəddəsləşir, gözünə həyat yoldaşının məzarının “torpağı, daşı yaxşı” görünür. Onun bu kitabındakı şeirlərində ər məhəbbətinin müqəddəsliyi, ülviliyi aydın şəkildə sezilir. Bu şeirlər oxucuya müəllifin necə ürək sahibi, necə sadiq, etibarlı ər olduğunu göstərir. O, əziz Lamarasını itirəndən sonra dünya gözlərinə tamam qara rəngdə görünür və buna görə də yazır:
Yasa gələn el ağlar,
Dodaq ağlar, dil ağlar.
Məzarı qazan yerdə,
Külünc ağlar, bel ağlar.
Günlər bir-birini, aylar ayları, fəsillər fəsilləri əvəz edir və Giya ailəsində baş vermiş ağır itkinin, kədərli anların həqiqiliyinə inanmır, ümid onu yaşadır, fəqət dərd inlədir:
Ölümün yeni mənzilini,
Ölüm köyünə dəyişən.
Əbədi misralarıma düşən,
Yetim Gürcünü torpağa dəyişən…
O - Sənsən!..
Bu ağrılar, acılar içərisində başını itirmiş Giyanın başına bir dərd də olmazın oyun açdı. Öz ciyərparasını itirdi. Onun sorağını kimdən alacaq?! Onun sorağını kimdən soracaq?! Ciyərparasına istidirmi, soyuqdurmu, küləkdirmi, qardırmı, borandırmı, bütün bunların hamısını haradan biləcək?!
Deyirlər ki, qara torpağın üzü soyuqdur. Bu soyuqluq onu nə qədər yandıracaq, külə döndərəcək?! Bu dərd onu nazildib iynənin ucundanmı keçirəcək?! Heç nə bilmirəm, bircə onu bilirəm ki, bu dərd G.Paçxataşvilinin əl-ayağını toparlayıb yumağa çevirib. Bu dərd Giyanı bu dünyaya gəlməyinə peşiman edib. Bu dərd onun anadan əmdiyi südü burnundan gətirib. Bu dərd onu yandırıb-yaxır. Əlindən nə gələ bilər ki?! Ümid yeri kimi sözə əl atıb, sözdən yapışıb, sözlə dərdini bölüşüb. Bir də yaxın dostları olan istedadlı qələm sahibləri Pünhan Şükür, Qiymət Məhərrəmli və bu sətirlərin müəllifi ona arxa-dayaq olublar.
Həmkarımız İradə Kövrək bu kitaba ön söz yazıb. Sonundakı fikirlərin maraqlı olduğunu nəzərə alıb mən də həmin fikirləri yazıma son seçdim: “Xristianların müqəddəs Pasxa günü də Allahın sevimli bəndəsi Lamara xanım Tanrı dərgahına qovuşdu. Əminəm ki, qəlbi məhəbbətlə dolu, ruhən və mənən Giviyə məxsus olan Lamara indi cənnət mələkləri arasındadı. Qara sevdalı Giviyə isə əbədi olaraq həyatının və ürəyinin qadınını yaşatmaq, sevgi ilə yaşatmaq qalır. Səbir arzulayıram dostuma.
Giviyəm, nurlu sabaham,
Lamaraya qibləgaham…
İndi Givinin qibləgahı Lamaranın məzarıdır!”
Giyanın qəlbağrıdıcı şeirlərini oxuduqca, üz verən ağır itkinin dəhşəti adamı ağrıdır, göynədir və düşünürsən ki, bu ağırlığa, bu dəhşətə dözmək hər kişinin işi deyil. Giya isə dözür, yaşayır, ümidin əlindən tutub sabahı, gələcəyi düşünür. Allah səbir versin, Giya qardaşımız!
Allah kömək olsun!
Daşdəmir ƏJDƏROĞLU
Kaydol:
Kayıtlar (Atom)