27 Temmuz 2014 Pazar

GİVİ ÜRƏYİMDƏN DAŞ ASDI…

     Ömrünü Azərbaycan jurnalistikasına, Azərbaycan ədəbiyyatına, bədii tərcümə
sənətinə həsr edən, azərbaycanlı olmasa da, azərbaycanlıdan fədakar və təəssübkeş,
vətənpərvər şair-jurnalist, tərcüməçi Giya Paçxataşviliyə

     Givi ürəyimdən daş asdı. «Lamaranın vəziyyəti yaxşı deyil, xərçəngdir» dedi Givi…
     Amma bu sözü elə sakit, elə təmkinlə dedi ki, söz mənə yaman təsir elədi. Elə metrodaca
onlarla insanın gözü qarşında ağladım, Lamara xanımın halına yox, yazıq, tənha Ağ Divin
halına… Lamaraya bir şey olsa, Ağ Div yetim qalacaq…
     Givi Lamara xanımın çarəsiz dərdini mənə danışmaqla ürəyimdən böyük bir
dəyirman daşı asdı… Givi elə bir vəziyyətdədir ki, özü dərdin əlindən canını qoymağa yer
axtarır… Givini Lamarasının dərdi yaman əzir. Givinin gözlərinin içində yaş parıldayırdı,
ancaq o yaş donmuşdu onun gözlərində. O yaşın göz giləsində şəkili qalıb, yəqin o şəkil
həmişəlik Ağ Divin bəbəklərində qalacaq. Ağ Divin arxa-dayağı, ürəyinin təpəri, dizinin
taqəti, sözünün şəhdi-şirəsidir Lamara xanım… İllərdir Ağ Divin nazı ilə oynayıb. Ağ Divin
heç evi də yoxdur, bu cəfakeş, sədaqətli gürcü qızı öz məhəbbətinin əsiri olduğu üçün Ağ
Divin nimdaş kirayə mənzillərində onunla bir ömrü paylaşmağa razı olub.
     Çarəsiz gürcü qızı, mübtəla olduğun dərdə dərman ola bilmir yetim gürcü – Ağ Div –
Givi. Givini həyata sən bağlayırsan qara gözlü Lamara… Givi Lamarasız yetim qalacaq,
mən kişilərin, məhəbbət yolçularının, ruh adamlarının yetim qalmasını istəmirəm heç. Onlar
yetim qalanda ürəkləri hər gün ağlayır… Lamaranın yastığının dibini kəsdirib, yanından bir
addım kənara çəkilmir Givi. Deyir ki, istəyirəm Lamaranın yanında olam həmişə. Lamara
yaman dərdə tuş gəlib. Givi, sən onu çətin o dərdin caynağından qopara biləsən… Çətin ki,
qəlbinin rübabını dilləndirən gürcü gözəlinin sağlamlığını özünə qaytara biləsən… Yesir
olub Givi Lamarası üçün. Təzə-tər, nübar sevgisinin başına dolanır Givi… Gəncliyinin
sevdasını, ürəyinin sahibini itirmək sınağı qarşısındadır Ağ Div… Givi deyir ki, Lamarasız
yaşamağı heç ağlına belə gətirə bilmir… Givi bu şəhərdə – Bakıda xoşbəxt olmadı,
qaragözlü sevgilisini də xoşbəxt edə bilmədi Givi. Kaş möcüzə baş verəydi – Givinin
Lamarası yenidən dirçələydi, yenidən qızılgül kimi ətir saçaydı, yenidən Givini özünə bənd
edəydi, Tanrım… Sənin möcüzələrin çoxdur, ya Ulu Yaradan. Naçar Giviyə imdad elə,
kərəm elə. Givi bu dərdi çəkməyə hazır deyil… Givi deyir ki:
    Çəkənə ver,
    Qəlyanı çəkənə ver.
    Mən dərdi çəkəmmirəm,
    Məndən al, çəkənə ver…
                                                                  4
    Givinin Lamarasının dərdi ürəyimə od basdı, dağ çəkdi… İnanın ki, Givinin
dilindən bu xəbəri eşidəndən indiyə kimi özümə gələ bilmirəm. Givi Lamaraya bir ağ gün
yaşatmadı axı… Birgə həyatlarını kirayələrdə, köçhaköçdə, qovhaqovda, qaçhaqaçda
keçirdilər. Bir-birilərini incitmədilər, bir-birilərindən incimədilər ancaq… Amma sonda
Lamara Givini yaman incitdi, öz dərmansız dərdilə… Givi, Lamara xanımın çarəsiz dərdini
mənə deməklə ürəyimdən nəhəng bir daş asdı…
    Givi onu da dedi ki, dostlarımın içində ən çox qadın həmdəmlərimdən razıdır.
Qiymət xanım Məhərrəmlidən isə yerdən-göyə qədər razılıq elədi… Dedi ki, Qiymət xanım
Givinin ağır günlərində ona və xanımına baş çəkmək üçün Qaxa gedibdir… Givi bu dəstəyi
çox yüksək qiymətləndirir. Qədir-qiyməti hər şeydən baha olan, dəyərli ziyalımız, şairimiz,
jurnalistimiz, alimimiz Qiymət xanım Məhərrəmlinin Qaxa gedib Giviyə baş çəkməyi
ürəyimi dağa döndərdi. Var olsun, hər zaman dostların ümid yeri olsun Qiymət xanımı!
    Givinin, Ağ Divin, Yetim gürcünün dərdi böyükdür… Lamaraya bir şey olsa, Givi yetim
qalacaq… Aşiqlərin yetimliyi çəkilməz dərddir… Qara sevdalı Givi, qara sevdalı Ağ Div,
bəxti qara Yetim gürcü… Dərdini kimə deyim, yerəmi-göyəmi, dağamı-daşamı, bəndəyəmi,
Tanrıyamı, sözəmi, sazamı? Kimə desəm ağlayar, kimə desən sızlayar, kimə desəm yas
tutar…
    Dağıstana,
    Yol gedər Dağıstana
    Könüldən bir ah çəkim,
    Yaşımdan dağ istana.
    Köhnə bayatıdır… Ağlıma gəldi yazdım ki, bəlkə Giviyə təsəlli oldu… Təsəlli…
    P.S. Bu yazını Givinin Lamarası ağır xəstəliklə çarpışanda yazmışam. Açığı, heç çap
etdirmək fikrim də yox idi. «Facebook»dan aldığım sarsıdıcı xəbər bu yazının işıq üzü
görməsinə səbəb oldu. Givi yetim qaldı, qaragözlü Lamarası ölümə təslim oldu. Əcəl
Givinin də həyatından sevdiyi bəndəni apardı…
      Xristianların müqəddəs Pasxa günü də Allahın sevimli bəndəsi Lamara xanım Tanrı
dərgahına qovuşdu. Əminəm ki, qəlbi məhəbbətlə dolu, ruhən və mənən Giviyə məxsus olan
Lamara indi cənnət mələkləri arasındadı. Qara sevdalı Giviyə isə əbədi olaraq həyatının və
ürəyinin qadınını yaşatmaq, sevgi ilə yaşatmaq qalır. Səbr arzulayıram dostuma.
      Giviyəm, nurlu sabaham,
      Lamaraya qibləgaham…
      İndi Givinin qibləgahı Lamaranın məzarıdır!
                                                                                                                                     İradə KÖVRƏK

Hiç yorum yok:

Yorum Gönder