28 Temmuz 2014 Pazartesi

"Son-əvvələ gedən yol"a yazılan sevgi sətirləri

Ölümün də iki üzü olur, həyat kimi. Ağ-qara.  Hər itkidə bu dünyanın fani olduğunu anlayan insan qara geyinsə də, sabahkı ağ günə də ümidini itirmir. Ağ gün görmək arzusuyla yaşayan insanın bir gün elə ağ qiyafədə də başqa işıqlı dünyaya getmək üçün qara torpağa qovuşması həqiqətini hamı bilir. Lakin  heç kim qəbul edə bilmir.  Həyat necə gözlənilməz sürprizlər, ədalətsizliklər, sevinclər, kədərlərlə doludursa, ölüm də gəlişi ilə kiminə haq, kiminə nahaq sonluq bəxş edir. Kiminə “qəfil”, kiminə “amansız”, kiminə “vaxtsız”, kiminə də, el deyimi ilə desək, “gözəl” qiyafədə gəlir. Gözəl ölüm ifadəsinə hərə bir cürə yanaşsa da, hər halda bəzi ölümlərə digərləri ilə müqayisədə belə demək olar. Ölümə üz tutan şairlərin hərəsi bir cür “tənqid” edib əcəli. Onun qələmindən isə ölümə səslənişlər bir başqa cür ifadə olunur...
Ömür-gün yoldaşı Lamaranın  amansız ölümünü  son hesab edərək əcəlin kandarında dayanan, bununla da ömrünün acılı-şirinli xatirələrinin başlanğıcına qayıdan istedadlı yazar, tərcüməçi, publisist Giya Paçxataşvili (Givi)  yeni kitabını  “Son--əvvələ gedən yol”u məhz xanımının unudulmaz ruhuna ithaf edib. Kitabı vərəqləyər-vərəqləməz burada toplanan şeirlər ədəbi nümunələrdən çox  bir yazıçının yaşantılarını necə ürək yanğısıyla misralara çevirməsi gözlərim önündə canlandı... Burada sevgi, həsrət, ölümə yalvarışlar, bəzən də həyata üsyan duyulur. Vərəqi isladan  göz yaşı  məni qəfil xəyallardan ayırdı, artıq kitabın sonuncu vərəqinə çatmışdım və amansız xəstəlik—dünyanı ağuşuna alan XXI əsrin bəlası lənətə gəlmiş xərçəngdən dünyasını dəyişən bir xanıma ithaf edilən şeirlər  əslində həm də ayrılıq, vida  nəğməsi kimi səslənir. Bir də şairin vəfalısına vəfa borcu....
Onun imzasını mətbuatdan izləyirdim. Azərbaycan ədəbiyyatının neçə-neçə dəyərli nümunəsini gürcü vərus dillərinə  çevirən mahir tərcüməçi, öz könül dünyası olan publisist, şair kimi tanıyırdım. Onu bir çox tədbirlərdə görsəm də, ilk dəfə məhz iş yerimizdə—“Xalq qəzeti”nin redaksiyasında görüb daha yaxından tanıdım. Bu dəfə onun sadəliyini, təvazökarlığını, həyatın çətinliklərinə baxmadan, taleyinə yazılanlardan asılı olmayaraq, mübarizə yollarında addımlayan xarakterini də kəşf etdim. Azərbaycan dilinin ən gözəl ifadələrindən poetik baxımdan mahircəsinə yararlanan gürcü şairin bu istedadına bir daha heyran oldum. Bəlkə də, bu şeirləri müəllifin adına baxmadan oxusaydım, əminliklə soruşardım ki, görəsən bu hansı  azərbaycanlı şairindir?! Bəli, çünki bu cür misraları Azərbaycan dilini gözəl bilən, onun zənginliyini, şirinliyini ürəyi, ruhu ilə duyan bir insan qələmə ala bilər.
Sən qaytarılmış ömrə gülürsən...
Ölüm isə... Sənə.
Ölümə deyən yoxdu ki:
“Öldüyün yerdə ölsənə!!!”
Dərdinə heç cür təskinlik tapa bilməyən şairin yeganə həmdəmi sabaha olan ümid, ölümə təslim olmaq istəməyən sevdalısının yaşamaq eşqi, bir də onun dərdini az da olsa ovudan misralar olub. Axıcılığı və ritmikliyi ilə seçilən bayatılar isə  xüsusilə diqqəti cəlb edir. Bu, həm də şairin istedadı ilə yanaşı, onun Azərbaycan şifahi xalq ədəbiyyatına dərindən bələd olması, onun incəliklərini mənimsəməsindən irəli gəlir. Bayatı ritmində və ovqatında yazılan şeirlər sanki daha doğma səslənir, ifadə edilən dərdi də eldən elə dolaşan xalq deyimi kimi dilə gətirir:
Yaralı sona bəslərəm,
Bəsləyib də əzizlərəm,
Yerdən ümid üzüləndə,
Köməyə göyü səslərəm.
Bayatımtək yaşayasan,
Çöhrəndə nur daşıyasan.
Tezliklə qalxıb ayağa,
Ürəyimi oxşayasan.
Giya Paçxataşvilinin ömür-gün yoldaşına yazdığı şeirlərinin bəzilərində isə ümidsizlik ana xətt kimi keçir.  Ölümlə çarpışan bir insanın yaşantılarının poetik dillə ifadəsi  insanı düşündürür.
Gülüşü sığmazdı göyə,
Qonaq çağırardı öyə.
Ömür xərclərdi özgəyə...
İndi onu azar didir,
Asta-asta geri gedir.
 Həyat yoldaşını “misralarımın işığı” adlandıran şairin ölümə xitabən yalvarışları da maraq doğurur; “Qoy mən olum, qəzəbinə səbəbkar, Daş atma gəl qu yaşayan gölümə”. Bu misralarda həm də bir şairin sevgisi, ən son arzusu  gizlənir. Həyatın təzadlı anlarını öz yaşantılarında duyan müəllif bunu uğurla şeirin təzad üzərində qurulan süjetinə çevirə bilir.
Sən dərmanla baş-başasan,
Mən dərdlərlə baş-başa.
Görən nə ilə bitəcəkdir,
“Qismət” adlı tamaşa?!
Müəllifin əslən gürcü olan xanımına məhz Azərbaycan dilində şeirlər yazması da maraqlı cəhətlərdəndir. Görünür, şairin qəlbini titrədən kövrək duyğuların bu dildə təcəssümü ilahi bir möcüzədir.
Azərbaycanın Qax rayonunda doğulan, Bakıda təhsil aldıqdan sonra indi də çox zaman  orada yaşayan Giya Paçxataşvili bir çox kitab və tərcümələrin, şeir və publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir. Paytaxtda keçirilən ədəbi məclislərdə, tədbirlərdə iştirak edən şair üçün ən vacibi  hər zaman sözün çəkisinə dəyər verilməsi və dəyərli söz xəzinəsiylə ədəbiyyata xidmət etməkdir. Məncə, Giya Paçxataşvilinin yaradıcılığı Azərbaycan ədəbiyyatı üçün tapıntı olmaqla yanaşı, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrində körpü rolu oynaması baxımından da mühüm örnəkdir. Soy baxımından  gürcü olan qəhrəmanım  qanı, canı, ruhu ilə vətənsevər və Azərbaycanın təəssübünü çəkən  azərbaycanlıdır. Bu, onun təkcə yaradıcılığında deyil, həm də bütövlükdə xarakterində,  milli duyğu və düşüncələrində öz əksini tapıb.
Hamının sevərək “Givi” –deyə adlandırdığı şair səs-küydən uzaq, təbiətin qoynunda öz kiçik komasına sığınıb yaradıcılığı ilə məşğul olsa da, əslində onun şeirləri çox qələm adamının, oxucuların qəlbində yurd salıb.  Yəqin ki, bundan sonra ilham pərisi “misralarının işığı”na hələ çox şeirlər həsr edəcək....
Ruh olub göylərə qalxan,
Yağışlı baxışlarla üstümə axan,
İçimdə yurd salıb mənsiz darıxan...
O-Sənsən.
Əfsanə BAYRAMQIZI

Hiç yorum yok:

Yorum Gönder