Gəzirəm
Alim-publisist İlhamə Qəsəbova "Son-əvvələ gedən yol" adlı kitabçama "Qadınsız kişi-məzarsız ölü" başlıqlı yazısını dərc etdirmişdir...
Mən bir məzarsız ölüyəm,
Olmaqçün məzar gəzirəm.
Yarı qəlbimə köçürəm,
Həyatdan bezar gəzirəm.
Zülmətdədir evim Qaxda,
Yandırılmayıb çırağ da.
Lamaranın yurdu haxda,
Mən isə azar gəzirəm.
Apreldən qış içindəyəm,
Bir ağ kəfən biçindəyəm.
Gah mələkdə,gah cindəyəm,
Cənnətdən gülzar gəzirəm.
Yeni il gümanındayam,
Dərdlərin ümmanındayam.
Ürək də deməyir:"Dayan..."
Boldu ahu-zar, gəzirəm.
Givi der: məzarsız qaldım,
Yaşayıb da arsız qaldım.
Nə müddətdir yarsız qaldım,
Gorumda simsar gəzirəm.
30.12.2014.
30 Aralık 2014 Salı
19 Aralık 2014 Cuma
QADINSIZ KİŞİ-MƏZARSIZ ÖLÜ
Bu gün bir roman oxudum-sevgidən yazılmışdı. Bir
dastan oxudum-məhəbbət dastanı idi. Nakam bir məhəbbətdən yazılmışdı. Bir
kişinin taleyini vərəqlədim-məzarsız olü kimi yolun ortasında qalmışdı. Vəfasız
yarı onu yolun tən yarısında tənha qoyub getmişdi. Məzarsız ölü-Givi, qadınsız
kişi-Givi, yarı yolda atılmış-Givi. Givini sevgilisi, ömür yoldaşı, sevgi
payı-Lamara atıb gedib! Givi-Lamara dastanı dostların çoxuna tanışdır. Çox
insanlar bu məhəbbət dastanının, sevgi romanını oxuyub, duyub, nakam eşqə təsəlli
verib. Lakin bu itkinin təsəllisi olmayıb. Givinin Lamara adlı məhəbbət dastanı
cəmi 48 səhifədən ibarətdir. Səhifə sayı sizə çox görünməsin. Bu yazılar cəmi
2-3 səhifə yer ala bilər kitabda. Əsas burda
sevginin təzahürüdür. O sevginin ki, müqəddəsdir, o sevginin ki, safdır.
Bu o sevgi imiş ki, təravətini, qoxusunu itirməyib. Givi bu sevgini çox kiçik
bir kitabçada izah edib, o kitabçada ki, cibə sığışar. Əl boydadır. Ancaq bu
kiçik kitabçada bir insan taleyini, müqəddəs sevgini oxuyur oxucu. Dünyaya göz
açan insan oğlu valideyn itkisindən sonra yetim qalır. Kişilər qadınlarını da
itirdikdə yetim qalırlar. O gənc yaşlarında da eynidir, ahıl yaşda da.
Qadınsız
kişi-məzarsız ölüdür. Ona görə də Giviyə təsəlli vermək çətin olub. Onun Lamara
adlı sevgi itkisinin yeri dolmayacaq. Givinin "Son-əvvələ gedən yol"
adlı kitabçasını oxuduqca Aidə Şirinovanın şeirlərindən birinin bir misrası
yadıma düşdü:
Harda olsam, hara getsəm,
Neyləsəm də,
Bu itkinin yeri dolmur,
Ey insanlar!
Kitabça İradə
xanımın kövrək, həssas duyğularıyla başlayıb. Bu duyğularda İradə xanımın ürək
döyüntüləri, qəlb sızıltıları, həyəcanları, Givinin acı taleyinə, Lamaranın
ölüm döşəyində çırpıntılarına qarşı laqeyd olmadığı aydın görünür. Əsl dost qayğısı budur. Bu
yazı oxucuda Givi-Lamara dastanındakı böyük sevgiyə yol yoldaşı olur. Sonra
Givi göz yaşları içində öz-özünə ölümlə danışır, onu məzəmmət edir: "Sən
qaytarılmış ömrə gülürsən...Ölüm isə sənə...Ölümə deyən yoxdu ki: "Öldüyün
yerdə ölsənə!!!" Sanki bu ifadələrlə şevgili aşiq ölümü hədələyir. Bəşəriyyət
yaranandan sevgi yaranıb, sevgi yaranandan nakam sevgi də yaranıb. Nə yaxşı ki,
nakam məhəbbət, yarımçıq qalmış sevgi, etibarsızlıq, əhdə vəfasızlıq- var.
Yoxsa sevginin dəyəri bu qədər olmazsdı. Yoxsa
sevgisini itirən aşiq tərəflərdən biri alışıb yanmazdı, tüstüsü gözə
çıxıb, fəryad qoparmazdı. Yaxşı ki, ayrılıqlar var. Yaxşı ki, ölümlər var.
İnsan bir-biri üçün adıləşəndə həyat mənasını itirir. Sevgi o anda ölür!
Givinin Lamaraya bəxş etdiyi ömürdə isə adiləşmə deyil, əbədiləşmə var. O
Lamaranın solğun bənizinə baxıb:
Üşütmə yurd salıb
Lamaranın solğun rəngində,
Qaraciyərinin xərçəngində...
Çabalayıram
olum-ölüm rəngində..
üstümə şığıyir...
-deyir.
Tanrının yazdıqlarına qarşı hamı çarəsizdir. Hamı kimi
Givi də çarəsiz qalıb:
Çarasızam...
Parasızam...
Həkimlərin hökmü ilə
arsızam..
Çarəsiz,
parasız olduğu üçün arsızam deyən Givi bilmir ki, özü demişkən:
Allah, əcəli azdır,
Əcələ məzar qazdır.
Savablarına baxıb,
yarıma xoş gün yazdır.
Həkimdən gəldi fərman,
Nə əlac var, nə dərman.
Allah, rəhmin böyükdür,
Ver Lamaraya aman...
Lamaranın nə əlacı var, nə də dərmanı. Allahın böyük rəhminə
sığınmaqdan başqa əlac qalmayıb Lamara üçün. Bu ömür yolunu vərəqlədikcə
Givinin:
Qulluğunda dayanaram,
Ətrafına dolanaram,
Zülmətini dağıtmaqçün,
Şamtək yolunda yanaram...
Sevgisinin qulluğunda dayandığını, zülmətini dağıtmaq
üçün şamtək yanmağını görürük. O həm də sevgisi uğrunda ömrünü şamtək yandırıb,
əridir. O öz canını verməyə hazırdır əzrailə təki Lamaranı aparmasın.
...Canım ölüm, Lamaradan əl götür,
Düz sözümdü:mənciyəzi gəl götür.
O belə deyir ki, təki
Lamaranı ölüm qucaqlamasın, nəfəsinə ölüm toxunmasın, onu ölüm ağuşuna
almasın, saçını tumarlamasın, isti nəfəsini soyutmasın-axı qısqanc, sevgili
Givi ölümə qısqanır Lamaranı!
Sevgili
Lamaranı günü-gündən əzablar içində qovrulmasına, asta-asta geri getməsinə dözə
bilməyən Givi tez-tez parasızlıqdan şikayət edir:
...Yığvalıdı parasızlıq,
İçdən yeyir çarasızlıq...
-"Ən əziz adamın ölüm ayağında olmasından dəhşətli
və ağır cəza tanımıram..." desə də:
Ölüm-Haqq dünyasıdır,
Mələklər röyasıdır,
Bəri başdan qoyulan
Əzrail imzasıdır.
deyərək ölümün haqq olmasını da etiraf etməyi unutmur.
...Demə ölüm naşıdır,
O nə pis, nə yaxşıdır,
O ulu kainatın,
Pozulmayan naxşıdır...
və yaxud:
O dünya cənnəti bağ,
Cəhənnəmi....
sınaq dolu düşərgə.
...Aparanda məni də apar
Onunla birgə!
Tanrı Givinin səsini eşitmədi. Onun yalvarışlarını
eşitmədi. Dualarını eşitmədi. Lamaranı tək apardı. Əslində Lamaranı eşitdi Ulu Tanrı. Lamara bu əzablardan,
ağrılardan tez ölmək istəyirdi. Onun üçün çətin idi əzablı ağrılara dözmək. Hər
gün tanrıya tez qovuşmaq üçün dua edirdi. Bu da Yaradanın yaratdığına bir
sınağı idi Lamara üçün. Lamara əzablı "Xərçəng" ağrılarından canını
qurtarıb Tanrının dərgahına qovuşdu. Onun ölümü Givinin dost-tanışlarını
sarşıtdı. Qiymət xanım Məhərrəmli dostuna təsəlli versə də məlhəm ola bilmədi.
Həmid Ormanlı da bu sarsıdıcı xəbəri Givi sevərlər adından kitabçada son söz
olaraq "Xsovna ikos" adlı yazısında bildirib. Başın sağ olsun!
Givi-deyib bütün dostlar adından.
Givi isə tək-tənha damın altında Lamarasız həyatına
davam edir. Tanrının yazdığı ömrü yaşamağa məcburdur. Lamarasız qalmış mənasız
ömrü sevgili aşiq belə izah edir oxucusuna:
Artıq təkəm...
Allah da təkdir!
Görəmmədim Allahın işini...
Allah deyiləm deyə
Saxlayammadım
Lamaranın
gedişini...
İlhamə Qəsəbova
7 Aralık 2014 Pazar
Zülmətə hamilə ölüm və ondan doğulan işıq
Elə incilər
var ki, xoşbəxtliyin, elə nurilər var ki, bədbəxtliyin övladlarıdır.
“Başqa kəlamlar”
Vətəndaşı
Giya Paçxataşvilinin pasportuna möhür vuran Azərbaycan dövləti kimi, şair-tərcüməçi-jurnalist
Giviyə - Yetim Gürcüyə də sahib çıxmaq üçün tələsməlidi Azərbaycan mədəniyyəti,
Azərbaycan ədəbiyyatı, Azərbaycan jurnalistikası. Çünki Givi heç vaxt indiki
kimi öz yetimliyini hiss etməyib, qəribsəməyib.
Həyat
yoldaşı gürcü qızı Lamara xanım (Allah rəhmət eləsin) dünyasını dəyişənə qədər
Giviyə həm də ana, bacı əvəzi olub. Rəhmətliyin xəstə olduğu müddətdə son nəfəsinə
qədər Lamaranın yanında oldu, onun fiziki ağrılarına öz mənəvi iztirabları ilə
hay verdi Givi. Əziz qadınının gözlərini bu dünyaya əbədi yumana qədərki və
ondan sonrakı ərəfədə sözdən abidə qurdu aralarındakı sədaqətli məhəbbətə. Əvvəlcə
Lamaraya həsr etdiyi rus dilində “Mən əminəm” (“Я уверень”) adlı birinci, sonra
isə Azərbaycan dilində “Son - əvvələ gedən yol” adlı ikinci şeirlər kitabı işıq
üzü gördü. (Lamaraya yalnız bunlardan birincisini görmək qismət oldu.) Dünya və
Azərbaycan ədəbiyyatına verdiyi bu əvəzsiz töhfələrin əsl qiymətini bir özü
bilir Givinin. Çünki çox baha başa gəlib ona. Sevimli Lamarasının həyatı
bahasına. Demək olar ki, Ölümdən yaranıb bu kitablar. Həmişə qaranlığa, zülmətə
hamilə sandığımız Ölümdən işıq kimi, nur kimi doğulub onlar. Həyatın rəmzi olan
saf Məhəbbəti tərənnüm etməklə, ölümə qalib gəlib bu dəyərli poeziya nümunələri.
Nəşr
olunmalarından ötən qısa müddət ərzində bu əsərlər haqqında az deyilməyib, az
yazılmayıb. Giyanın dostları, onu və Lamaranı tanıyanlar, Paçxataşvili imzasına
hörmət edənlər və hətta Giviyə yazı borcu olanlar (təəssüf ki, belə düşünənlər
də olur) bir yana, Məhəbbətə ən layiqli tərif axtaran yadlar da, özgələr də
biganə qalmadılar bu hadisələrə. Qələm götürüb münasibət bildirdilər, Giya və
Lamara məhəbbətini Leyli-Məcnunla, Əsli-Kərəmlə və başqa müqəddəsləşmiş cütlüklərlə
müqayisəyə gətirdilər. Bununla da yadlıqdan çıxıb yaxın oldular Giviyə, dərdinə
şərik olmaqla doğmalaşdılar onunla.
Məqsədim
yalnız xanım Lamaraya ağı demək, yaxud da Giviyə təsəlli vermək olsaydı, bir
ayrı cür yazardım bu yazını. Bacarardım da alayı cür yazmağı.
Çünki Giviylə tez-tez görüşür, söhbət edirəm. Fəxrlə deyirəm ki, dostuyam.
Lamara barəsində danışdıqlarını çox eşitmişəm, yoxluğundan nələr çəkdiyini
müşahidə etmişəm və etməkdəyəm. Lamara haqda yazdıqlarını kitabdan-qəzetdən
oxumuşam, yazmaq istədiyini dilindən eşitmişəm. İnanın ki, dilinə gətirməyib ürəyində
saxladığı və bəlkə də heç vaxt açıqlamayacağı xatirələri, Lamaraya aid sözləri
var Givinin. O sözləri ki, yalnız Lamaranın qəbrini ziyarət edəndə dilə gətirir,
mürəkkəblə kağıza yaza bilmədiklərini göz yaşına çevirib əzizinin son mənzilinə
- Vətən içində Vətən torpağına axıdır. Onsuz da kim tərəfindən, hansı səviyyədə
yazılmasından asılı olmayaraq, özündə kədərə şəriklik, dünyadan köçənə rəhmət
diləyi, dünyada qalana başsağlığı ehtiva edən hər bir yazı nekroloq xarakteri
daşımaqla Gividə bir tərəfdən təskinlik doğurursa, digər yandan onun yarasını
qanadır. Yazanlar da elə bil, qəsdinə durublar Givinin. Sanki var güclərini
ortaya qoyurlar ki, onu bir daha kövrəltsinlər, ağlatsınlar. Hər dəfə növbəti
belə bir yazıdan xəbər tutanda özüm-özümə sual verirəm: Görəsən bu yazıları
diqqətlə, səbrsizliklə oxuyan Givi onların içində kimi, nəyi axtarır? O ki
Lamaranın artıq əbədiyyətə qovuşduğunu dəqiq bilir! O ki öz qəlbində Lamaranın
boş qalan yerini heç kəsin doldura bilməyəcəyini dəqiq anlayır! Bəlkə səbəb
odur ki, Givi özü də bu yaranın üz almasını, qaysaq bağlamasını istəmir?
Mən ona -
dostum Giviyə, şair Giya Paçxataşviliyə sevgisinə layiq olan, yaxşı tanıdığı
bir ünvanı göstərirəm: Bütün mehr-məhəbbətini Anamız Azərbaycana bağla, Givi! Sənə
layiq olduğun qiyməti vermək fürsətini öz növbəsində Vətən - Ana da dəyərləndirməlidir.
Yalqızlığının bu vaxtında ana nəvazişi göstərməlidir. Özü də ləngimədən. Bunu
boş yerə xatırlatmıram. Heç unudulan tarixçə deyil, sən Azərbaycan Yazıçılar
Birliyinə üzv qəbul olunanadək Gürcüstanın və Rusiyanın eyni statuslu qurumları
artıq səni öz sıralarına qatmaq şərəfinə nail olmuşdular.
Yəqin
yadındadı, Vətənin ağır, xalqın dar günlərində şair Rüstəm Behrudi yazmışdı:
“Azərbaycan ortada qalmış ana tabutudu”. Deyib də o tabutun altına çiyin vermək hüququnun
təkcə başdakılara deyil, həm özünə, həm də hər birimizə, irqindən, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan
vətəndaşlarına məxsus olduğunu bəyan etmişdi. Lamara da tək sənin itkin deyil,
Givi. Onun vida törəninə gör nə qədər Azərbaycan oğlu, Azərbaycan qızı gəlmişdi.
Son mənzili də Azərbaycan torpağı oldu. İstəyirəm sən də öz gürcülüyünlə Azərbaycanın
və Azərbaycan adamının - türklərin, ləzgilərin,
yengiloyların, talışların və bütün digər
millətlərin nümayəndələrinin sənin dərdinə şərik olmaq hüququnu
tanıyasan.
Yəqin məlumatın
var, rus dilinə tərcümə etdiyin İmadəddin Nəsiminin Hələb şəhərindəki məqbərəsi
Suriyada gedən müharibənin şiddətli günlərində bombalandı. İsa Muğanna Azərbaycanda
dünyasını dəyişdi. Əlahəzrət Təsadüfün bu gərdişini ilk dəfə deyəsən məhz mən
müşahidə etdim və sosial şəbəkədə paylaşdığım yazıda vurğuladım. İstəyirəm sənə
də xatırladım ki, Azərbaycanı heç təsəvvür etmədiyin qədər sevirsən. O qədər
çox sevirsən ki, ölkəmizin ərazisinə düşən hər bomba, partlayışından xəbərin
olmadıqda belə sənin vətəndaş - şair qəlbini incidir, Vətənin bütövlüyü uğrunda
ölən hər əsgərimizin ruhu ilə birgə sən də şəhidlik zirvəsinə ucalırsan. Hətta
Əlahəzrət Təsadüf də bu sevginin möhkəmlənməsinə xidmət edir. Bu sevgi möhkəm
olmasaydı, Lamarasızlıq ağrısının şiddətinin səngimədiyi bu günlərdə ədəbiyyatımızın
şəhidi Ülvi Bünyadzadənin həmişə cavan, əbədi, azad ruhuna vəfa borcunu ödəməyi
hələlik təxirə salardın. Amma yox! Ülvinin şeirlərini heç kimdən heç bir təmənna
güdmədən rus dilinə çevirməklə, növbəti dəfə qeyrət nümunəsi göstərdin. Bir
daha bəyan etdin ki, 1990-cı il yanvarın 20-də imperiya ordusunun Azərbaycanda
qətlə yetirdiyi adamlar qaragüruh deyildi, azadlıq aşiqləri idi. Bir daha car çəkdin
ki, o müdhiş gecədə öldürülənlərin arasında neçə-neçə nurlu bəşər övladı, yüksək
zəka sahibləri vardı. Onlar ayrı-ayrılıqdı hərəsi bir evin, bir ailənin, bir nəslin
itkisiydilər. Amma sənin və sənin kimi digər Azərbaycan vətəndaşlarının qədirbilənliyi
sayəsində bir ölkənin, bir xalqın tapıntısına çevrildilər. Sənin və sənin kimi
digər Azərbaycan ziyalılarının vətənpərvərliyi sayəsində şeirlərdə, poemalarda əbədiləşdi, kitablara köçdü, dərsliklərdə yer aldı şəhidlərimizin
göstərdikləri qəhrəmanlıq nümunələri. İnan Giya, inan ki, səninlə Lamaranın
bir-birinizə olan məhəbbətiniz də özünə yoldaş etdiyi sədaqət, vəfa və başqa
ülvi hisslərlə birgə əbədilik qazanmağı, dillərdə dastana çevrilməyi haqq
etmişdir.
Sonda dəyərli
oxuculardan xudpəsəndliyimə görə üzr istəyirəm: Giyanın Lamaraya yazdığı şeirlərdən
bilirəkdən sitat gətirmədim. Öz yazdıqlarım onların yanında sönük görünməsin
deyə.
Pünhan Şükür
QIYA PAÇXATAŞVİLİ NIYƏ SUSUR GÖRƏN...?!
Haqqında söz açmaq istədiyim insan öz görkəmi,
özünə məxsus təvəzökarlığı ilə seçilən və hamının “Ağ adam” kimi tanıdığı
yazar-publisist, sözü daşdan keçən jurnalist, tərcürməçi, təbli şair,
insanlığı ilə yaddaşlarda qalan gürcü qardaşımız Qiya Paçxataşvilidir.Onun
insanlığından sadəliyindən hər kəs söz edə bilər, ələlxüsus ədəbi mühitə yeni qədəmlərini basıb öz sözlərini
demək istəyən qələm sahibləri.Əlbəttə, bu xöşbəxtlik mənə də nəsib olub.Qiya müəllimlə
təsadüf nəticəsində redaksiyaların birində tanış olduq. Onunla söhbət etdiyim
zaman ədəbi mühitə yeni ayaq açanlardan olduğumu anladı.Beləliklə Qiya müəllim
mütəmadi olaraq mətbuatda olan çıxışlarımı izləyir və nə vaxt çətinə düşsəm mənə
mənəvi dayaq olur.Mənə yaradıcılığımda dəstək olan bir çoxlarının adlarını çəkə
bilərəm.Çox insanlar yoluma işıq salıblar.Bu yolda imzamın tanınmasına sevinənlərdən
biri də jurnalistikanın sirlərinini mənimsəməyə kömək edən və bu yolda özümə müəllim
bildiyim Qiymət Məhərrəmli ilə bərabər Qiya müəllimdir.Beləki mənim imzam
tanındıqca Qiymət xanımın redaktoru olduğu”Elimiz Günümüz” qəzetində bəzən Qiya
müəllimlə eyni səhifəni bölüşdüyümüzdən o xeyixah yazar kimi, mənim uğuruma
sevinərək qürur hissi keçirirdi.Hər halda onun gözəl xüsusiyyətləri barədə
görüb bilənlər çoxdur, elə buna görə də onu hamı sevir. Məqsədim Qiyanı sizlərə
tanıtmaq deyil, (məncə heç ehtiyac da yoxdur), çünki Azərbaycan mətbuatında, öz
siması ilə seçilməklə yanaşı, məxsusi qələmi ilə söz deyən yazarlardan biridir.
Demək olar ki,uzun illərdir Qiya Azərbaycanın ədəbi mühitində kəsərli qələmi ilə
külüng vuranlardandır. Onun yaradıcılığının ən ümdə xüsusiyyətlərindən biri gözəl
bölgələrimizdən sayılan Qax rayonunda yaşayaraq gürcü olmasına baxmayaraq, Azərbaycanı
fanatikcəsinə sevməsi ilə bərabər Azərbaycan dilini bəzilərindən yaxşı bilməsi
və bizim məmləkəti öz doğma Gürcüstanı kimi sevməsidir. Bəzən Qiyadan soruşanda
kı, sizə Azərbaycan mətbuatında xidmətlərinizə
görə dəyər verirlərmi? Cavabında Qiya nədənsə həmişə susur və gözləri yol çəkir.(
Hətta deyim ki, Qiyanın gözlərinin də
görmə qabliyyəti zəifdir.Elə bu səbəbdən gözdən əlilliyə görə təqaüdçüdür)
Lakin buna baxmayaraq onun susqunluğu bizlərə çox söz deyir. Amma yadımızdan
çıxarmayaq ki, Qiya Azərbaycan mətbuatının qocaman jurnalistlərindən sayılır və
bu sahədə onun xidmətləri çox böyükdür.Bunu dəyərləndirməmək ən azı günah
sayılar. Lakin təəssüflər olsun ki, bəzi sözü kəsərli jurnalistlər kimi Qiya da
dövlətin Azərbaycan mətbuatı üçün
ayırdığı bəzi imtiyazlardan məhrumdur. Kecən il jurnalistlərin
peşə bayramında bir çox jurnalistlərə Azərbaycan
Respublikasının Prezidentinin fərmanı ilə inşa edilmiş yeni mənzillərin
açarları təqdim olunan zaman Qiya bu təqdimatdan kənarda qaldı və “Gözdən Əlillər”
cəmiyyəti onu dırnaqarası evə bənzər daxma ilə müvəqqəti olaraq təmin etdi. Halbuki Qiya uzun illərdir Azərbaycan mətbuatında
can qoymuşdur. Lakin dəyərli xidmətlərinə baxmayaraq onun özünə layiq mənzili
olmayıb. Baxmayaraq ki,Qiya müəllim mətbuatdakı xidmətləri göz qabağında idi,
Jurnalistlər Birliyinin üzvü olduğu üçün mənzili olmadığıdan başqa jurnalistlər
kimi o da Mətbuat Şurasının sədri Əflatun Amaşova ərizə ilə müraciət etmişdir. Ən maraqlısı da budur ki,
bəs niyə onun Azərbaycan mətbuatındakı əziyyətləri lazımı qaydada dəyərləndirilmədi? Bu sual ətrafında Qiyadan
söz düşəndə dostlar arasında gəldiyimiz qənaət budur ki, Qiyanın kəsərli,
dürüst qələmi bu gün məddahlaşan ədəbi mühitdə çoxlarının dəyirman daşını tərsinə fırladır. Biz dostlar (özü etiraf etməsə
də) bilirik ki, onun maddi yaşam tərzi,
həm də mənzil şəraiti çox acınacaqlı vəziyyətdədir. Özü demişkən “ Mən bəzən dolub daşanda əlimə qələm götürüb nəyisə
yazmağa bir guşə tapa bilmirəm” Hərdən
onu məcbur edəndə özü də etiraf edir ki,
“Mən elə şəraitdə ömür-gün sürürəm ki, sanki, hansısa günahım ucbatından məhbus həyatı yaşayıram. Mənim
məhbusluğum bir yana, mənə ömrümboyu sadiq olub xidmət edən şəxsi kitabxanam
da, kisələr içində toz bağlayaraq, mənimlə bərabər məhkum həyatı yaşayır. Özüm xəstə olduğum halda, Azərbaycanda mənim üçün ayrılan ”daxma”in bütün divarları
nəm çəkməklə yanaşı, pəncərəsi də pəncərə deyil, əgər bu daxmaya ev demək
mümkünsə... gördüklərim nə varsa üstümə
gəlir.Bir sözlə ev(?!) deyilən məkanda yaşayış üçün heç bir şərait yoxdur.
Vallah xaricdə ən ağır cinayət işləmiş,
məhbusun da şəraiti mənim şəraitimdən
daha yaxşıdır. Axı belə götürəndə niyə istedadlı doğulduğumuz üçün özümüzü “Bədbəxt”sayaq?”
Gəlin görək bu məntiqə hansı kitabda cavab tapa
bilərik? Əslində bu suallara Azərbaycan mətbuatında daha dəqiq və mükəmməl
cavab tapmaq mümkündür.
Bəzən düşünürsən görəsən niyə başqa dövlətlərdə
yazarlara lazımı diqqət yetirilir, lakin Azərbaycanda onlar rəzil vəziyyətdə
yaşayır? Əsrimiz internet əsri olduğundan, hamı sosial şəbəkələrdən istifadə
edir və o cümlədən mən də. Bir dəfə Türkiyəli dostların birindən sual dolu bir
mesaj aldım. Məndən soruşurdu: “sizdə yazarlar necə yaşayır?” Etiraf edim ki, mən
də Azərbaycanda olan vəziyyəti oluğu
kimi şərh etməyə çalışdım.Ona çatdırdım ki, bizim cəmiyyətdə yazar ən bədbəxt insan sayılır.
Soruşanda niyə? Dedim, çünki yazardır. Amma o bir fikri müqayisəli şəkildə
etiraf etdi ki, əgər bizim məmləkətdə yazarın bir neçə kitabı nəşr olunursa,
xöşbəxt insan sayılır. Ona gorə ki, həmin xoşbəxt qələm sahibi dövlətin himayəsinə
keçərək bütün imtiyazlarla təmin olunur. Gəlin bir az düşünək. Bizim başqa dövlətlərdən
nəyimiz əskikdi ki, nədən bizim qələm sahibləri başqa dövlətlərin yazarları ilə
müqayisədə özlərini bədbəxt saysın. NİYƏ...? Bu, əlbəttə qələm sahibinə diqqətsizlikdən,
qayğısızlıqdan, ən ümdəsi qələmə hörmətsizlikdən irəli gəlir. Bəzən deyirik ki,
nə yaxşı mətbuat, söz azad və demokratikdir.Yəni sovet rejimini bəyənmirik. O
dövrlə bugünkü mühiti müqayisə etsək necə
də fərqli olduğunu görürük. Sovet rejimində sözə, qələmə daha çox dəyər
verilirdi. Bütün qələm sahibləri dövlətdən qonararını alaraq öz həyat tərzini
qismən də olsa yaxşılaşdıra bilirdi. Belə ki, Sovet rejimində yazarlar millət,
xalq üçün yazıb-yaratdıqlarının bəhrəsini görürdülər. Lakin Demokratik
dediyimiz dövlətdə əksərən hər yerdən əli
üzülən yazar dukan-bazarda bir qarın çörək üçün piştaxta arxasında ticarətlə məşğul
olur. Buna sizcə hansı adı vermək olar? Bu məsələyə diqqət yetirərək yazarların
haqq səsinə kim səs verəcək? Maraqlısı da budur ki,müasir ədəbi mühitdə hətta bəzi
redaksiyaların qapısını da döydükdə söz alverinin də şahidi olmaq mümkündü. Beləki, bəzi üzdən
iraq redaksiyaların qəzet redaktorları təqdim etdiyin yazıları qəzetdə çap etmək üçün qiymət də
sövdələşir. Nə yazıq ki, soz alverçisi
olan redaktor üçün maraqlı da deyil yazdığın məqalə nədən bəhs edir. Bəli,
bizim yazarlar söz və qələmlərinin kəsərsiz olduğunu öz içlərinə ataraq, özlərini
Avropa dövlətlərində dik gəzərək başqa cür təqdim edirlər.Məncə bəzən bədbəxt
sayılan yazarlar heçnə edə bilmədikləri üçün özlərini qınayaraq, sanki özlərini
gözükölgəli hesab edirlər, “Bu nə bəladır
biz düşmüşük” deyirlər. Yəni, Qiya Paçxataşvili də belə yaşam tərzi sürür, biz
dostlar olaraq Qiyanın mənzil şəraitini nəzərə alaraq çox istərdik ki, bu il
jurnalistlərin peşə bayramında dövlətin jurnalistlər üçün inşa olunmuş binada bizim
gürcü qardaşımız Qiya müəllimi də mənzillə
təmin etsin. Çünki o buna layiqdir, hətta mənəvi haqqı var. Onun bütün qələm
dostları bu günü səbrsizliklə gözləyir.
Təranə Şəms
"Torpaq - üstünə yağış yağmağa başlayanda bərəkət ətri, şəhid qanı çilənəndə isə Vətən ətri saçır"
Azərbaycan ədəbiyyatının dostu, şair-tərcüməçi Giya Paçxataşvilidən daha bir qeyrətli addım - redaktoru və tərtibçisi olduğu "Qarabağ Mixaylosu" İşıq üzü görmüşdür. Kitab Qarabağ müharibəsində azğın erməni qəsbkarlarına qarşı fədakarlıqla döyüşərək şəhid olmuş Mehdi Bəhram oğlu Ziyadov haqqında məqalələrin və xatirələrin toplusudur.
Kaydol:
Kayıtlar (Atom)