19 Aralık 2014 Cuma

QADINSIZ KİŞİ-MƏZARSIZ ÖLÜ


  Bu gün bir roman oxudum-sevgidən yazılmışdı. Bir dastan oxudum-məhəbbət dastanı idi. Nakam bir məhəbbətdən yazılmışdı. Bir kişinin taleyini vərəqlədim-məzarsız olü kimi yolun ortasında qalmışdı. Vəfasız yarı onu yolun tən yarısında tənha qoyub getmişdi. Məzarsız ölü-Givi, qadınsız kişi-Givi, yarı yolda atılmış-Givi. Givini sevgilisi, ömür yoldaşı, sevgi payı-Lamara atıb gedib! Givi-Lamara dastanı dostların çoxuna tanışdır. Çox insanlar bu məhəbbət dastanının, sevgi romanını oxuyub, duyub, nakam eşqə təsəlli verib. Lakin bu itkinin təsəllisi olmayıb. Givinin Lamara adlı məhəbbət dastanı cəmi 48 səhifədən ibarətdir. Səhifə sayı sizə çox görünməsin. Bu yazılar cəmi 2-3 səhifə yer ala bilər kitabda. Əsas burda  sevginin təzahürüdür. O sevginin ki, müqəddəsdir, o sevginin ki, safdır. Bu o sevgi imiş ki, təravətini, qoxusunu itirməyib. Givi bu sevgini çox kiçik bir kitabçada izah edib, o kitabçada ki, cibə sığışar. Əl boydadır. Ancaq bu kiçik kitabçada bir insan taleyini, müqəddəs sevgini oxuyur oxucu. Dünyaya göz açan insan oğlu valideyn itkisindən sonra yetim qalır. Kişilər qadınlarını da itirdikdə yetim qalırlar. O gənc yaşlarında da eynidir, ahıl yaşda da.
   Qadınsız kişi-məzarsız ölüdür. Ona görə də Giviyə təsəlli vermək çətin olub. Onun Lamara adlı sevgi itkisinin yeri dolmayacaq. Givinin "Son-əvvələ gedən yol" adlı kitabçasını oxuduqca Aidə Şirinovanın şeirlərindən birinin bir misrası yadıma düşdü:
Harda olsam, hara getsəm,
Neyləsəm də,
Bu itkinin yeri dolmur,
Ey insanlar!
    Kitabça İradə xanımın kövrək, həssas duyğularıyla başlayıb. Bu duyğularda İradə xanımın ürək döyüntüləri, qəlb sızıltıları, həyəcanları, Givinin acı taleyinə, Lamaranın ölüm döşəyində çırpıntılarına qarşı laqeyd olmadığı  aydın görünür. Əsl dost qayğısı budur. Bu yazı oxucuda Givi-Lamara dastanındakı böyük sevgiyə yol yoldaşı olur. Sonra Givi göz yaşları içində öz-özünə ölümlə danışır, onu məzəmmət edir: "Sən qaytarılmış ömrə gülürsən...Ölüm isə sənə...Ölümə deyən yoxdu ki: "Öldüyün yerdə ölsənə!!!" Sanki bu ifadələrlə şevgili aşiq ölümü hədələyir. Bəşəriyyət yaranandan sevgi yaranıb, sevgi yaranandan nakam sevgi də yaranıb. Nə yaxşı ki, nakam məhəbbət, yarımçıq qalmış sevgi, etibarsızlıq, əhdə vəfasızlıq- var. Yoxsa sevginin dəyəri bu qədər olmazsdı. Yoxsa  sevgisini itirən aşiq tərəflərdən biri alışıb yanmazdı, tüstüsü gözə çıxıb, fəryad qoparmazdı. Yaxşı ki, ayrılıqlar var. Yaxşı ki, ölümlər var. İnsan bir-biri üçün adıləşəndə həyat mənasını itirir. Sevgi o anda ölür! Givinin Lamaraya bəxş etdiyi ömürdə isə adiləşmə deyil, əbədiləşmə var. O Lamaranın solğun bənizinə baxıb:
Üşütmə yurd salıb
Lamaranın solğun rəngində,
Qaraciyərinin xərçəngində...
Çabalayıram
olum-ölüm rəngində..
üstümə şığıyir...
-deyir.
Tanrının yazdıqlarına qarşı hamı çarəsizdir. Hamı kimi Givi də çarəsiz qalıb:
Çarasızam...
Parasızam...
Həkimlərin hökmü ilə
arsızam..
 Çarəsiz, parasız olduğu üçün arsızam deyən Givi bilmir ki, özü demişkən:
Allah, əcəli azdır,
Əcələ məzar qazdır.
Savablarına baxıb,
yarıma xoş gün yazdır.

Həkimdən gəldi fərman,
Nə əlac var, nə dərman.
Allah, rəhmin böyükdür,
Ver Lamaraya aman...
Lamaranın nə əlacı var, nə də dərmanı. Allahın böyük rəhminə sığınmaqdan başqa əlac qalmayıb Lamara üçün. Bu ömür yolunu vərəqlədikcə Givinin:
Qulluğunda dayanaram,
Ətrafına dolanaram,
Zülmətini dağıtmaqçün,
Şamtək yolunda yanaram...
Sevgisinin qulluğunda dayandığını, zülmətini dağıtmaq üçün şamtək yanmağını görürük. O həm də sevgisi uğrunda ömrünü şamtək yandırıb, əridir. O öz canını verməyə hazırdır əzrailə təki Lamaranı aparmasın.
...Canım ölüm, Lamaradan əl götür,
Düz sözümdü:mənciyəzi gəl götür.
O belə deyir ki, təki  Lamaranı ölüm qucaqlamasın, nəfəsinə ölüm toxunmasın, onu ölüm ağuşuna almasın, saçını tumarlamasın, isti nəfəsini soyutmasın-axı qısqanc, sevgili Givi ölümə qısqanır Lamaranı!
    Sevgili Lamaranı günü-gündən əzablar içində qovrulmasına, asta-asta geri getməsinə dözə bilməyən Givi tez-tez parasızlıqdan şikayət edir:
...Yığvalıdı parasızlıq,
İçdən yeyir çarasızlıq...
-"Ən əziz adamın ölüm ayağında olmasından dəhşətli və ağır cəza tanımıram..." desə də:
Ölüm-Haqq dünyasıdır,
Mələklər röyasıdır,
Bəri başdan qoyulan
Əzrail imzasıdır.
deyərək ölümün haqq olmasını da etiraf etməyi unutmur.
...Demə ölüm naşıdır,
O nə pis, nə yaxşıdır,
O ulu kainatın,
Pozulmayan naxşıdır...
və yaxud:
O dünya cənnəti bağ,
Cəhənnəmi....
sınaq dolu düşərgə.
...Aparanda məni də apar
Onunla birgə!
Tanrı Givinin səsini eşitmədi. Onun yalvarışlarını eşitmədi. Dualarını eşitmədi. Lamaranı tək apardı. Əslində  Lamaranı eşitdi Ulu Tanrı. Lamara bu əzablardan, ağrılardan tez ölmək istəyirdi. Onun üçün çətin idi əzablı ağrılara dözmək. Hər gün tanrıya tez qovuşmaq üçün dua edirdi. Bu da Yaradanın yaratdığına bir sınağı idi Lamara üçün. Lamara əzablı "Xərçəng" ağrılarından canını qurtarıb Tanrının dərgahına qovuşdu. Onun ölümü Givinin dost-tanışlarını sarşıtdı. Qiymət xanım Məhərrəmli dostuna təsəlli versə də məlhəm ola bilmədi. Həmid Ormanlı da bu sarsıdıcı xəbəri Givi sevərlər adından kitabçada son söz olaraq "Xsovna ikos" adlı yazısında bildirib. Başın sağ olsun! Givi-deyib bütün dostlar adından.
Givi isə tək-tənha damın altında Lamarasız həyatına davam edir. Tanrının yazdığı ömrü yaşamağa məcburdur. Lamarasız qalmış mənasız ömrü sevgili aşiq belə izah edir oxucusuna:
Artıq təkəm...
Allah da təkdir!
Görəmmədim Allahın işini...
Allah deyiləm deyə
Saxlayammadım
Lamaranın gedişini...

                                                    İlhamə Qəsəbova   

Hiç yorum yok:

Yorum Gönder