7 Aralık 2014 Pazar

Zülmətə hamilə ölüm və ondan doğulan işıq


Elə incilər var ki, xoşbəxtliyin, elə nurilər var ki, bədbəxtliyin övladlarıdır.
“Başqa kəlamlar”

Vətəndaşı Giya Paçxataşvilinin pasportuna möhür vuran Azərbaycan dövləti kimi, şair-tərcüməçi-jurnalist Giviyə - Yetim Gürcüyə də sahib çıxmaq üçün tələsməlidi Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbiyyatı, Azərbaycan jurnalistikası. Çünki Givi heç vaxt indiki kimi öz yetimliyini hiss etməyib, qəribsəməyib.
Həyat yoldaşı gürcü qızı Lamara xanım (Allah rəhmət eləsin) dünyasını dəyişənə qədər Giviyə həm də ana, bacı əvəzi olub. Rəhmətliyin xəstə olduğu müddətdə son nəfəsinə qədər Lamaranın yanında oldu, onun fiziki ağrılarına öz mənəvi iztirabları ilə hay verdi Givi. Əziz qadınının gözlərini bu dünyaya əbədi yumana qədərki və ondan sonrakı ərəfədə sözdən abidə qurdu aralarındakı sədaqətli məhəbbətə. Əvvəlcə Lamaraya həsr etdiyi rus dilində “Mən əminəm” (“Я уверень”) adlı birinci, sonra isə Azərbaycan dilində “Son - əvvələ gedən yol” adlı ikinci şeirlər kitabı işıq üzü gördü. (Lamaraya yalnız bunlardan birincisini görmək qismət oldu.) Dünya və Azərbaycan ədəbiyyatına verdiyi bu əvəzsiz töhfələrin əsl qiymətini bir özü bilir Givinin. Çünki çox baha başa gəlib ona. Sevimli Lamarasının həyatı bahasına. Demək olar ki, Ölümdən yaranıb bu kitablar. Həmişə qaranlığa, zülmətə hamilə sandığımız Ölümdən işıq kimi, nur kimi doğulub onlar. Həyatın rəmzi olan saf Məhəbbəti tərənnüm etməklə, ölümə qalib gəlib bu dəyərli poeziya nümunələri.
Nəşr olunmalarından ötən qısa müddət ərzində bu əsərlər haqqında az deyilməyib, az yazılmayıb. Giyanın dostları, onu və Lamaranı tanıyanlar, Paçxataşvili imzasına hörmət edənlər və hətta Giviyə yazı borcu olanlar (təəssüf ki, belə düşünənlər də olur) bir yana, Məhəbbətə ən layiqli tərif axtaran yadlar da, özgələr də biganə qalmadılar bu hadisələrə. Qələm götürüb münasibət bildirdilər, Giya və Lamara məhəbbətini Leyli-Məcnunla, Əsli-Kərəmlə və başqa müqəddəsləşmiş cütlüklərlə müqayisəyə gətirdilər. Bununla da yadlıqdan çıxıb yaxın oldular Giviyə, dərdinə şərik olmaqla doğmalaşdılar onunla.
Məqsədim yalnız xanım Lamaraya ağı demək, yaxud da Giviyə təsəlli vermək olsaydı, bir ayrı cür yazardım bu yazını. Bacarardım da alayı cür yazmağı. Çünki Giviylə tez-tez görüşür, söhbət edirəm. Fəxrlə deyirəm ki, dostuyam. Lamara barəsində danışdıqlarını çox eşitmişəm, yoxluğundan nələr çəkdiyini müşahidə etmişəm və etməkdəyəm. Lamara haqda yazdıqlarını kitabdan-qəzetdən oxumuşam, yazmaq istədiyini dilindən eşitmişəm. İnanın ki, dilinə gətirməyib ürəyində saxladığı və bəlkə də heç vaxt açıqlamayacağı xatirələri, Lamaraya aid sözləri var Givinin. O sözləri ki, yalnız Lamaranın qəbrini ziyarət edəndə dilə gətirir, mürəkkəblə kağıza yaza bilmədiklərini göz yaşına çevirib əzizinin son mənzilinə - Vətən içində Vətən torpağına axıdır. Onsuz da kim tərəfindən, hansı səviyyədə yazılmasından asılı olmayaraq, özündə kədərə şəriklik, dünyadan köçənə rəhmət diləyi, dünyada qalana başsağlığı ehtiva edən hər bir yazı nekroloq xarakteri daşımaqla Gividə bir tərəfdən təskinlik doğurursa, digər yandan onun yarasını qanadır. Yazanlar da elə bil, qəsdinə durublar Givinin. Sanki var güclərini ortaya qoyurlar ki, onu bir daha kövrəltsinlər, ağlatsınlar. Hər dəfə növbəti belə bir yazıdan xəbər tutanda özüm-özümə sual verirəm: Görəsən bu yazıları diqqətlə, səbrsizliklə oxuyan Givi onların içində kimi, nəyi axtarır? O ki Lamaranın artıq əbədiyyətə qovuşduğunu dəqiq bilir! O ki öz qəlbində Lamaranın boş qalan yerini heç kəsin doldura bilməyəcəyini dəqiq anlayır! Bəlkə səbəb odur ki, Givi özü də bu yaranın üz almasını, qaysaq bağlamasını istəmir?
Mən ona - dostum Giviyə, şair Giya Paçxataşviliyə sevgisinə layiq olan, yaxşı tanıdığı bir ünvanı göstərirəm: Bütün mehr-məhəbbətini Anamız Azərbaycana bağla, Givi! Sənə layiq olduğun qiyməti vermək fürsətini öz növbəsində Vətən - Ana da dəyərləndirməlidir. Yalqızlığının bu vaxtında ana nəvazişi göstərməlidir. Özü də ləngimədən. Bunu boş yerə xatırlatmıram. Heç unudulan tarixçə deyil, sən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunanadək Gürcüstanın və Rusiyanın eyni statuslu qurumları artıq səni öz sıralarına qatmaq şərəfinə nail olmuşdular.
Yəqin yadındadı, Vətənin ağır, xalqın dar günlərində şair Rüstəm Behrudi yazmışdı: “Azərbaycan ortada qalmış ana tabutudu”. Deyib də o tabutun altına çiyin vermək hüququnun təkcə başdakılara deyil, həm özünə, həm də hər birimizə, irqindən, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına məxsus olduğunu bəyan etmişdi. Lamara da tək sənin itkin deyil, Givi. Onun vida törəninə gör nə qədər Azərbaycan oğlu, Azərbaycan qızı gəlmişdi. Son mənzili də Azərbaycan torpağı oldu. İstəyirəm sən də öz gürcülüyünlə Azərbaycanın və Azərbaycan adamının - türklərin, ləzgilərin, yengiloyların, talışların və bütün digər  millətlərin nümayəndələrinin sənin dərdinə şərik olmaq hüququnu tanıyasan.
Yəqin məlumatın var, rus dilinə tərcümə etdiyin İmadəddin Nəsiminin Hələb şəhərindəki məqbərəsi Suriyada gedən müharibənin şiddətli günlərində bombalandı. İsa Muğanna Azərbaycanda dünyasını dəyişdi. Əlahəzrət Təsadüfün bu gərdişini ilk dəfə deyəsən məhz mən müşahidə etdim və sosial şəbəkədə paylaşdığım yazıda vurğuladım. İstəyirəm sənə də xatırladım ki, Azərbaycanı heç təsəvvür etmədiyin qədər sevirsən. O qədər çox sevirsən ki, ölkəmizin ərazisinə düşən hər bomba, partlayışından xəbərin olmadıqda belə sənin vətəndaş - şair qəlbini incidir, Vətənin bütövlüyü uğrunda ölən hər əsgərimizin ruhu ilə birgə sən də şəhidlik zirvəsinə ucalırsan. Hətta Əlahəzrət Təsadüf də bu sevginin möhkəmlənməsinə xidmət edir. Bu sevgi möhkəm olmasaydı, Lamarasızlıq ağrısının şiddətinin səngimədiyi bu günlərdə ədəbiyyatımızın şəhidi Ülvi Bünyadzadənin həmişə cavan, əbədi, azad ruhuna vəfa borcunu ödəməyi hələlik təxirə salardın. Amma yox! Ülvinin şeirlərini heç kimdən heç bir təmənna güdmədən rus dilinə çevirməklə, növbəti dəfə qeyrət nümunəsi göstərdin. Bir daha bəyan etdin ki, 1990-cı il yanvarın 20-də imperiya ordusunun Azərbaycanda qətlə yetirdiyi adamlar qaragüruh deyildi, azadlıq aşiqləri idi. Bir daha car çəkdin ki, o müdhiş gecədə öldürülənlərin arasında neçə-neçə nurlu bəşər övladı, yüksək zəka sahibləri vardı. Onlar ayrı-ayrılıqdı hərəsi bir evin, bir ailənin, bir nəslin itkisiydilər. Amma sənin və sənin kimi digər Azərbaycan vətəndaşlarının qədirbilənliyi sayəsində bir ölkənin, bir xalqın tapıntısına çevrildilər. Sənin və sənin kimi digər Azərbaycan ziyalılarının vətənpərvərliyi sayəsində şeirlərdə, poemalarda əbədiləşdi, kitablara köçdü, dərsliklərdə yer aldı şəhidlərimizin göstərdikləri qəhrəmanlıq nümunələri. İnan Giya, inan ki, səninlə Lamaranın bir-birinizə olan məhəbbətiniz də özünə yoldaş etdiyi sədaqət, vəfa və başqa ülvi hisslərlə birgə əbədilik qazanmağı, dillərdə dastana çevrilməyi haqq etmişdir.
Sonda dəyərli oxuculardan xudpəsəndliyimə görə üzr istəyirəm: Giyanın Lamaraya yazdığı şeirlərdən bilirəkdən sitat gətirmədim. Öz yazdıqlarım onların yanında sönük görünməsin deyə.


Pünhan Şükür

Hiç yorum yok:

Yorum Gönder