Haqqında söz açmaq istədiyim insan öz görkəmi,
özünə məxsus təvəzökarlığı ilə seçilən və hamının “Ağ adam” kimi tanıdığı
yazar-publisist, sözü daşdan keçən jurnalist, tərcürməçi, təbli şair,
insanlığı ilə yaddaşlarda qalan gürcü qardaşımız Qiya Paçxataşvilidir.Onun
insanlığından sadəliyindən hər kəs söz edə bilər, ələlxüsus ədəbi mühitə yeni qədəmlərini basıb öz sözlərini
demək istəyən qələm sahibləri.Əlbəttə, bu xöşbəxtlik mənə də nəsib olub.Qiya müəllimlə
təsadüf nəticəsində redaksiyaların birində tanış olduq. Onunla söhbət etdiyim
zaman ədəbi mühitə yeni ayaq açanlardan olduğumu anladı.Beləliklə Qiya müəllim
mütəmadi olaraq mətbuatda olan çıxışlarımı izləyir və nə vaxt çətinə düşsəm mənə
mənəvi dayaq olur.Mənə yaradıcılığımda dəstək olan bir çoxlarının adlarını çəkə
bilərəm.Çox insanlar yoluma işıq salıblar.Bu yolda imzamın tanınmasına sevinənlərdən
biri də jurnalistikanın sirlərinini mənimsəməyə kömək edən və bu yolda özümə müəllim
bildiyim Qiymət Məhərrəmli ilə bərabər Qiya müəllimdir.Beləki mənim imzam
tanındıqca Qiymət xanımın redaktoru olduğu”Elimiz Günümüz” qəzetində bəzən Qiya
müəllimlə eyni səhifəni bölüşdüyümüzdən o xeyixah yazar kimi, mənim uğuruma
sevinərək qürur hissi keçirirdi.Hər halda onun gözəl xüsusiyyətləri barədə
görüb bilənlər çoxdur, elə buna görə də onu hamı sevir. Məqsədim Qiyanı sizlərə
tanıtmaq deyil, (məncə heç ehtiyac da yoxdur), çünki Azərbaycan mətbuatında, öz
siması ilə seçilməklə yanaşı, məxsusi qələmi ilə söz deyən yazarlardan biridir.
Demək olar ki,uzun illərdir Qiya Azərbaycanın ədəbi mühitində kəsərli qələmi ilə
külüng vuranlardandır. Onun yaradıcılığının ən ümdə xüsusiyyətlərindən biri gözəl
bölgələrimizdən sayılan Qax rayonunda yaşayaraq gürcü olmasına baxmayaraq, Azərbaycanı
fanatikcəsinə sevməsi ilə bərabər Azərbaycan dilini bəzilərindən yaxşı bilməsi
və bizim məmləkəti öz doğma Gürcüstanı kimi sevməsidir. Bəzən Qiyadan soruşanda
kı, sizə Azərbaycan mətbuatında xidmətlərinizə
görə dəyər verirlərmi? Cavabında Qiya nədənsə həmişə susur və gözləri yol çəkir.(
Hətta deyim ki, Qiyanın gözlərinin də
görmə qabliyyəti zəifdir.Elə bu səbəbdən gözdən əlilliyə görə təqaüdçüdür)
Lakin buna baxmayaraq onun susqunluğu bizlərə çox söz deyir. Amma yadımızdan
çıxarmayaq ki, Qiya Azərbaycan mətbuatının qocaman jurnalistlərindən sayılır və
bu sahədə onun xidmətləri çox böyükdür.Bunu dəyərləndirməmək ən azı günah
sayılar. Lakin təəssüflər olsun ki, bəzi sözü kəsərli jurnalistlər kimi Qiya da
dövlətin Azərbaycan mətbuatı üçün
ayırdığı bəzi imtiyazlardan məhrumdur. Kecən il jurnalistlərin
peşə bayramında bir çox jurnalistlərə Azərbaycan
Respublikasının Prezidentinin fərmanı ilə inşa edilmiş yeni mənzillərin
açarları təqdim olunan zaman Qiya bu təqdimatdan kənarda qaldı və “Gözdən Əlillər”
cəmiyyəti onu dırnaqarası evə bənzər daxma ilə müvəqqəti olaraq təmin etdi. Halbuki Qiya uzun illərdir Azərbaycan mətbuatında
can qoymuşdur. Lakin dəyərli xidmətlərinə baxmayaraq onun özünə layiq mənzili
olmayıb. Baxmayaraq ki,Qiya müəllim mətbuatdakı xidmətləri göz qabağında idi,
Jurnalistlər Birliyinin üzvü olduğu üçün mənzili olmadığıdan başqa jurnalistlər
kimi o da Mətbuat Şurasının sədri Əflatun Amaşova ərizə ilə müraciət etmişdir. Ən maraqlısı da budur ki,
bəs niyə onun Azərbaycan mətbuatındakı əziyyətləri lazımı qaydada dəyərləndirilmədi? Bu sual ətrafında Qiyadan
söz düşəndə dostlar arasında gəldiyimiz qənaət budur ki, Qiyanın kəsərli,
dürüst qələmi bu gün məddahlaşan ədəbi mühitdə çoxlarının dəyirman daşını tərsinə fırladır. Biz dostlar (özü etiraf etməsə
də) bilirik ki, onun maddi yaşam tərzi,
həm də mənzil şəraiti çox acınacaqlı vəziyyətdədir. Özü demişkən “ Mən bəzən dolub daşanda əlimə qələm götürüb nəyisə
yazmağa bir guşə tapa bilmirəm” Hərdən
onu məcbur edəndə özü də etiraf edir ki,
“Mən elə şəraitdə ömür-gün sürürəm ki, sanki, hansısa günahım ucbatından məhbus həyatı yaşayıram. Mənim
məhbusluğum bir yana, mənə ömrümboyu sadiq olub xidmət edən şəxsi kitabxanam
da, kisələr içində toz bağlayaraq, mənimlə bərabər məhkum həyatı yaşayır. Özüm xəstə olduğum halda, Azərbaycanda mənim üçün ayrılan ”daxma”in bütün divarları
nəm çəkməklə yanaşı, pəncərəsi də pəncərə deyil, əgər bu daxmaya ev demək
mümkünsə... gördüklərim nə varsa üstümə
gəlir.Bir sözlə ev(?!) deyilən məkanda yaşayış üçün heç bir şərait yoxdur.
Vallah xaricdə ən ağır cinayət işləmiş,
məhbusun da şəraiti mənim şəraitimdən
daha yaxşıdır. Axı belə götürəndə niyə istedadlı doğulduğumuz üçün özümüzü “Bədbəxt”sayaq?”
Gəlin görək bu məntiqə hansı kitabda cavab tapa
bilərik? Əslində bu suallara Azərbaycan mətbuatında daha dəqiq və mükəmməl
cavab tapmaq mümkündür.
Bəzən düşünürsən görəsən niyə başqa dövlətlərdə
yazarlara lazımı diqqət yetirilir, lakin Azərbaycanda onlar rəzil vəziyyətdə
yaşayır? Əsrimiz internet əsri olduğundan, hamı sosial şəbəkələrdən istifadə
edir və o cümlədən mən də. Bir dəfə Türkiyəli dostların birindən sual dolu bir
mesaj aldım. Məndən soruşurdu: “sizdə yazarlar necə yaşayır?” Etiraf edim ki, mən
də Azərbaycanda olan vəziyyəti oluğu
kimi şərh etməyə çalışdım.Ona çatdırdım ki, bizim cəmiyyətdə yazar ən bədbəxt insan sayılır.
Soruşanda niyə? Dedim, çünki yazardır. Amma o bir fikri müqayisəli şəkildə
etiraf etdi ki, əgər bizim məmləkətdə yazarın bir neçə kitabı nəşr olunursa,
xöşbəxt insan sayılır. Ona gorə ki, həmin xoşbəxt qələm sahibi dövlətin himayəsinə
keçərək bütün imtiyazlarla təmin olunur. Gəlin bir az düşünək. Bizim başqa dövlətlərdən
nəyimiz əskikdi ki, nədən bizim qələm sahibləri başqa dövlətlərin yazarları ilə
müqayisədə özlərini bədbəxt saysın. NİYƏ...? Bu, əlbəttə qələm sahibinə diqqətsizlikdən,
qayğısızlıqdan, ən ümdəsi qələmə hörmətsizlikdən irəli gəlir. Bəzən deyirik ki,
nə yaxşı mətbuat, söz azad və demokratikdir.Yəni sovet rejimini bəyənmirik. O
dövrlə bugünkü mühiti müqayisə etsək necə
də fərqli olduğunu görürük. Sovet rejimində sözə, qələmə daha çox dəyər
verilirdi. Bütün qələm sahibləri dövlətdən qonararını alaraq öz həyat tərzini
qismən də olsa yaxşılaşdıra bilirdi. Belə ki, Sovet rejimində yazarlar millət,
xalq üçün yazıb-yaratdıqlarının bəhrəsini görürdülər. Lakin Demokratik
dediyimiz dövlətdə əksərən hər yerdən əli
üzülən yazar dukan-bazarda bir qarın çörək üçün piştaxta arxasında ticarətlə məşğul
olur. Buna sizcə hansı adı vermək olar? Bu məsələyə diqqət yetirərək yazarların
haqq səsinə kim səs verəcək? Maraqlısı da budur ki,müasir ədəbi mühitdə hətta bəzi
redaksiyaların qapısını da döydükdə söz alverinin də şahidi olmaq mümkündü. Beləki, bəzi üzdən
iraq redaksiyaların qəzet redaktorları təqdim etdiyin yazıları qəzetdə çap etmək üçün qiymət də
sövdələşir. Nə yazıq ki, soz alverçisi
olan redaktor üçün maraqlı da deyil yazdığın məqalə nədən bəhs edir. Bəli,
bizim yazarlar söz və qələmlərinin kəsərsiz olduğunu öz içlərinə ataraq, özlərini
Avropa dövlətlərində dik gəzərək başqa cür təqdim edirlər.Məncə bəzən bədbəxt
sayılan yazarlar heçnə edə bilmədikləri üçün özlərini qınayaraq, sanki özlərini
gözükölgəli hesab edirlər, “Bu nə bəladır
biz düşmüşük” deyirlər. Yəni, Qiya Paçxataşvili də belə yaşam tərzi sürür, biz
dostlar olaraq Qiyanın mənzil şəraitini nəzərə alaraq çox istərdik ki, bu il
jurnalistlərin peşə bayramında dövlətin jurnalistlər üçün inşa olunmuş binada bizim
gürcü qardaşımız Qiya müəllimi də mənzillə
təmin etsin. Çünki o buna layiqdir, hətta mənəvi haqqı var. Onun bütün qələm
dostları bu günü səbrsizliklə gözləyir.
Təranə Şəms
Hiç yorum yok:
Yorum Gönder