29 Mart 2015 Pazar

RUHUNLA SƏNİN



Günəş asta-asta qüruba çatır,
Zülmətin oxları sinəmə batır...
Qəm-qüssə oyanır, sevincim yatır,
Baş-başa qalıram ruhunla sənin.

Altmışa yön alır ömrümün yaşı,
Kövrəlir, göynəyir gözümün yaşı...
Uzaqdan uzaqdır bacım, qardaşım,
Xəyala dalıram ruhunla sənin.

Gələmmir karıma qələmlə dəftər,
Üstümə yeriyir həyasız kədər.
Qarşımda albomdan şəkilin bitər,
Laylalar çalıram ruhuna sənin.

Şirin yuxudadır dostum, tanışım,
Mənimlə bir həzin sükut danışır.
Təsəlli - qəlbimin xoş aldanışı,
Güc, təpər alıram ruhunla sənin.

İçimə köçürüb cansız cismini,
Əzizlər çəkilən gözəl rəsmini...
Gividir yaşadan sənin ismini,
Bil, həmdəm oluram ruhunla sənin.

Səsləyər məni də ölüm göylərə,
Cəm edər hamını növ-növ meyllərə.
Əlvida deyərək doğma ellərə,
Xoşbəxtlik bularam ruhunla sənin.
26.03.2015.

SÜKUTUN QARA RƏNGİ



Yazı yazmaqla                    
Dərdlərimin
           Başını qatıram...
Futbola baxıb,
Domino oynamaqla
Sükutumu aldadıram...
İndi sükutumun
          qara rəngindəyəm...
20.03.2015

Buz heykəl haqqında...


Buz heykəl haqqında...
Dostum Giya Paçxataşvliyə (Giviyə)
Hər gecə ilıq yuxular görüb
Kipriyini qirpıb gülərdi...
Görmədiyi xoş gün kimi
Yuxusu al-əlvan olardı...
Bəzən çox üşüyərdi
Yayın gəlin çağında...
Ümidləri düzülərdi
Həsrət budağında
tənha ağacın...
Hər gecə yuxusunda
heykəl görərdi-buz heykəl
Qucaqlasa, qucağı dolardı soyuqla...
Hər gecə yuxuda
Uzaqlarda yanan ocaq görərdi
Üşüyərdi, üşüyərdi buz yorğanda...
Anasını axtarardı buz heykəllər arasında...
İradə KÖVRƏK

27 Mart 2015 Cuma


Dostumuz Giyanın ömür-gün yoldaşı Lamara xanımın vəfatından 1 il ötür. Rəssam Şamxəlil Nəsiboğlu bu əsəri Lamara xanımın əziz xatirəsinə həsr edib. Bahar bayramı günlərində qonağımız olan rəssam bu gözəl əsəri Giviyə təqdim edərkən...

19 Mart 2015 Perşembe

BU BAHAR



Qayğı dumanları tutub hər yanı,
Quşlar lal olub da vermir səs - səsə.
Üşütmə tutubdur Azərbaycanı -
Bu bahar bənzəmir bahara nəysə.

Göydə sıralanıb qız - gəlin ahı,
Siyasət savaşla girişib bəhsə.
Məzar tünlüyündən inlər torpağım -
Bu bahar bənzəmir bahara nəysə.

Oğullar qırılır, çəkilir ruzu,
Toy-məclis xoş gəlmir bu yaz heç kəsə.
Utana-utana gəlir Novruzum -
Bu bahar bənzəmir bahara nəysə.

Bahalıq, hərc - mərclik şeytansayağı
Can atır... elimin səbrini kəsə.
Qərənfil üzgündür, lalələr fağır -
Bu bahar bənzəmir bahara nəysə.

Qələm qan ağlayır, vərəq saralır,
Şairin ilhamı gəlmir həvəsə.
Ümid də sonrakı bahara qalır -
Bu bahar bənzəmir bahara nəysə.

Qələbə-xalqımın sınmaz inamı...
Cəbhədən müjdəli bir xəbər gəlsə:
Üşütməz bu soyuq bahar adamı -
Bu bahar bənzəmir bahara nəysə.

Ey əsgər! Şad eylə könül evimi,
Azadlıq -  möhtacam mən bu mərəzə.
Qoy gülsün bir kərə üzü Givinin...
Bu bahar bənzəsin hər gələn yaza.

Giya Paçxataşvili - 29.03.1993

12 Mart 2015 Perşembe

GƏLMİŞƏM...

Bahara vurulmuşum,                                                                                                    Dərdlərdən qurtulmuşum.
Həyatdan yorulmuşum,
Gəlmişəm...

Ürəyimə köçənim, 
Məni qəmlə ölçənim,
Dar mənzili seçənim,
Gəlmişəm...

Bu məzar, bu da mənəm,
Dağlardan enən çənəm.
Tir-tir əsən bədənəm,
Gəlmişəm...
                        08.03.2015.



TƏZƏ QƏBİR
Təzəcə salınan qəbir,
Qəlbimə çalınan qəbir,
Hasara alınan qəbir,
Açılıb da məni götür,
Tezcə öz yarıma yetir.

Gecikib eləmə, qəbir,
Yönəltmə ələmə, qəbir,
Söylərəm aləmə, qəbir...
Açılıb da məni götür,
Tezcə öz yarıma yetir.

Bağlanır ömür kitabım,
Nə səbrim qalıb, nə tabım.
Özümü harada tapım?..
Açılıb da məni götür,
Tezcə öz yarıma yetir.

Rəhmin gəlsin mənə, qəbir,
Salma sisə, çənə, qəbir,
İmana gəlsənə, qəbir...
Açılıb Giyanı götür,
Tezcə Lamaraya yetir.
11.05.2014.