29 Mart 2015 Pazar

RUHUNLA SƏNİN



Günəş asta-asta qüruba çatır,
Zülmətin oxları sinəmə batır...
Qəm-qüssə oyanır, sevincim yatır,
Baş-başa qalıram ruhunla sənin.

Altmışa yön alır ömrümün yaşı,
Kövrəlir, göynəyir gözümün yaşı...
Uzaqdan uzaqdır bacım, qardaşım,
Xəyala dalıram ruhunla sənin.

Gələmmir karıma qələmlə dəftər,
Üstümə yeriyir həyasız kədər.
Qarşımda albomdan şəkilin bitər,
Laylalar çalıram ruhuna sənin.

Şirin yuxudadır dostum, tanışım,
Mənimlə bir həzin sükut danışır.
Təsəlli - qəlbimin xoş aldanışı,
Güc, təpər alıram ruhunla sənin.

İçimə köçürüb cansız cismini,
Əzizlər çəkilən gözəl rəsmini...
Gividir yaşadan sənin ismini,
Bil, həmdəm oluram ruhunla sənin.

Səsləyər məni də ölüm göylərə,
Cəm edər hamını növ-növ meyllərə.
Əlvida deyərək doğma ellərə,
Xoşbəxtlik bularam ruhunla sənin.
26.03.2015.

Hiç yorum yok:

Yorum Gönder