Qayğı dumanları tutub hər yanı,
Quşlar lal olub da vermir səs - səsə.
Üşütmə tutubdur Azərbaycanı -
Bu bahar bənzəmir bahara nəysə.
Göydə sıralanıb qız - gəlin ahı,
Siyasət savaşla girişib bəhsə.
Məzar tünlüyündən inlər torpağım -
Bu bahar bənzəmir bahara nəysə.
Oğullar qırılır, çəkilir ruzu,
Toy-məclis xoş gəlmir bu yaz heç kəsə.
Utana-utana gəlir Novruzum -
Bu bahar bənzəmir bahara nəysə.
Bahalıq, hərc - mərclik şeytansayağı
Can atır... elimin səbrini kəsə.
Qərənfil üzgündür, lalələr fağır -
Bu bahar bənzəmir bahara nəysə.
Qələm qan ağlayır, vərəq saralır,
Şairin ilhamı gəlmir həvəsə.
Ümid də sonrakı bahara qalır -
Bu bahar bənzəmir bahara nəysə.
Qələbə-xalqımın sınmaz inamı...
Cəbhədən müjdəli bir xəbər gəlsə:
Üşütməz bu soyuq bahar adamı -
Bu bahar bənzəmir bahara nəysə.
Ey əsgər! Şad eylə könül evimi,
Azadlıq - möhtacam mən
bu mərəzə.
Qoy gülsün bir kərə üzü Givinin...
Bu bahar bənzəsin hər gələn yaza.
Giya Paçxataşvili - 29.03.1993
Hiç yorum yok:
Yorum Gönder