Elə incilər
var ki, xoşbəxtliyin, elə nurilər var ki, bədbəxtliyin övladlarıdır.
“Başqa kəlamlar”
Vətəndaşı
Giya Paçxataşvilinin pasportuna möhür vuran Azərbaycan dövləti kimi, şair-tərcüməçi-jurnalist
Giviyə - Yetim Gürcüyə də sahib çıxmaq üçün tələsməlidi Azərbaycan mədəniyyəti,
Azərbaycan ədəbiyyatı, Azərbaycan jurnalistikası. Çünki Givi heç vaxt indiki
kimi öz yetimliyini hiss etməyib, qəribsəməyib.
Həyat
yoldaşı gürcü qızı Lamara xanım (Allah rəhmət eləsin) dünyasını dəyişənə qədər
Giviyə həm də ana, bacı əvəzi olub. Rəhmətliyin xəstə olduğu müddətdə son nəfəsinə
qədər Lamaranın yanında oldu, onun fiziki ağrılarına öz mənəvi iztirabları ilə
hay verdi Givi. Əziz qadınının gözlərini bu dünyaya əbədi yumana qədərki və
ondan sonrakı ərəfədə sözdən abidə qurdu aralarındakı sədaqətli məhəbbətə. Əvvəlcə
Lamaraya həsr etdiyi rus dilində “Mən əminəm” (“Я уверень”) adlı birinci, sonra
isə Azərbaycan dilində “Son - əvvələ gedən yol” adlı ikinci şeirlər kitabı işıq
üzü gördü. (Lamaraya yalnız bunlardan birincisini görmək qismət oldu.) Dünya və
Azərbaycan ədəbiyyatına verdiyi bu əvəzsiz töhfələrin əsl qiymətini bir özü
bilir Givinin. Çünki çox baha başa gəlib ona. Sevimli Lamarasının həyatı
bahasına. Demək olar ki, Ölümdən yaranıb bu kitablar. Həmişə qaranlığa, zülmətə
hamilə sandığımız Ölümdən işıq kimi, nur kimi doğulub onlar. Həyatın rəmzi olan
saf Məhəbbəti tərənnüm etməklə, ölümə qalib gəlib bu dəyərli poeziya nümunələri.
Nəşr
olunmalarından ötən qısa müddət ərzində bu əsərlər haqqında az deyilməyib, az
yazılmayıb. Giyanın dostları, onu və Lamaranı tanıyanlar, Paçxataşvili imzasına
hörmət edənlər və hətta Giviyə yazı borcu olanlar (təəssüf ki, belə düşünənlər
də olur) bir yana, Məhəbbətə ən layiqli tərif axtaran yadlar da, özgələr də
biganə qalmadılar bu hadisələrə. Qələm götürüb münasibət bildirdilər, Giya və
Lamara məhəbbətini Leyli-Məcnunla, Əsli-Kərəmlə və başqa müqəddəsləşmiş cütlüklərlə
müqayisəyə gətirdilər. Bununla da yadlıqdan çıxıb yaxın oldular Giviyə, dərdinə
şərik olmaqla doğmalaşdılar onunla.
Məqsədim
yalnız xanım Lamaraya ağı demək, yaxud da Giviyə təsəlli vermək olsaydı, bir
ayrı cür yazardım bu yazını. Bacarardım da alayı cür yazmağı.
Çünki Giviylə tez-tez görüşür, söhbət edirəm. Fəxrlə deyirəm ki, dostuyam.
Lamara barəsində danışdıqlarını çox eşitmişəm, yoxluğundan nələr çəkdiyini
müşahidə etmişəm və etməkdəyəm. Lamara haqda yazdıqlarını kitabdan-qəzetdən
oxumuşam, yazmaq istədiyini dilindən eşitmişəm. İnanın ki, dilinə gətirməyib ürəyində
saxladığı və bəlkə də heç vaxt açıqlamayacağı xatirələri, Lamaraya aid sözləri
var Givinin. O sözləri ki, yalnız Lamaranın qəbrini ziyarət edəndə dilə gətirir,
mürəkkəblə kağıza yaza bilmədiklərini göz yaşına çevirib əzizinin son mənzilinə
- Vətən içində Vətən torpağına axıdır. Onsuz da kim tərəfindən, hansı səviyyədə
yazılmasından asılı olmayaraq, özündə kədərə şəriklik, dünyadan köçənə rəhmət
diləyi, dünyada qalana başsağlığı ehtiva edən hər bir yazı nekroloq xarakteri
daşımaqla Gividə bir tərəfdən təskinlik doğurursa, digər yandan onun yarasını
qanadır. Yazanlar da elə bil, qəsdinə durublar Givinin. Sanki var güclərini
ortaya qoyurlar ki, onu bir daha kövrəltsinlər, ağlatsınlar. Hər dəfə növbəti
belə bir yazıdan xəbər tutanda özüm-özümə sual verirəm: Görəsən bu yazıları
diqqətlə, səbrsizliklə oxuyan Givi onların içində kimi, nəyi axtarır? O ki
Lamaranın artıq əbədiyyətə qovuşduğunu dəqiq bilir! O ki öz qəlbində Lamaranın
boş qalan yerini heç kəsin doldura bilməyəcəyini dəqiq anlayır! Bəlkə səbəb
odur ki, Givi özü də bu yaranın üz almasını, qaysaq bağlamasını istəmir?
Mən ona -
dostum Giviyə, şair Giya Paçxataşviliyə sevgisinə layiq olan, yaxşı tanıdığı
bir ünvanı göstərirəm: Bütün mehr-məhəbbətini Anamız Azərbaycana bağla, Givi! Sənə
layiq olduğun qiyməti vermək fürsətini öz növbəsində Vətən - Ana da dəyərləndirməlidir.
Yalqızlığının bu vaxtında ana nəvazişi göstərməlidir. Özü də ləngimədən. Bunu
boş yerə xatırlatmıram. Heç unudulan tarixçə deyil, sən Azərbaycan Yazıçılar
Birliyinə üzv qəbul olunanadək Gürcüstanın və Rusiyanın eyni statuslu qurumları
artıq səni öz sıralarına qatmaq şərəfinə nail olmuşdular.
Yəqin
yadındadı, Vətənin ağır, xalqın dar günlərində şair Rüstəm Behrudi yazmışdı:
“Azərbaycan ortada qalmış ana tabutudu”. Deyib də o tabutun altına çiyin vermək hüququnun
təkcə başdakılara deyil, həm özünə, həm də hər birimizə, irqindən, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan
vətəndaşlarına məxsus olduğunu bəyan etmişdi. Lamara da tək sənin itkin deyil,
Givi. Onun vida törəninə gör nə qədər Azərbaycan oğlu, Azərbaycan qızı gəlmişdi.
Son mənzili də Azərbaycan torpağı oldu. İstəyirəm sən də öz gürcülüyünlə Azərbaycanın
və Azərbaycan adamının - türklərin, ləzgilərin,
yengiloyların, talışların və bütün digər
millətlərin nümayəndələrinin sənin dərdinə şərik olmaq hüququnu
tanıyasan.
Yəqin məlumatın
var, rus dilinə tərcümə etdiyin İmadəddin Nəsiminin Hələb şəhərindəki məqbərəsi
Suriyada gedən müharibənin şiddətli günlərində bombalandı. İsa Muğanna Azərbaycanda
dünyasını dəyişdi. Əlahəzrət Təsadüfün bu gərdişini ilk dəfə deyəsən məhz mən
müşahidə etdim və sosial şəbəkədə paylaşdığım yazıda vurğuladım. İstəyirəm sənə
də xatırladım ki, Azərbaycanı heç təsəvvür etmədiyin qədər sevirsən. O qədər
çox sevirsən ki, ölkəmizin ərazisinə düşən hər bomba, partlayışından xəbərin
olmadıqda belə sənin vətəndaş - şair qəlbini incidir, Vətənin bütövlüyü uğrunda
ölən hər əsgərimizin ruhu ilə birgə sən də şəhidlik zirvəsinə ucalırsan. Hətta
Əlahəzrət Təsadüf də bu sevginin möhkəmlənməsinə xidmət edir. Bu sevgi möhkəm
olmasaydı, Lamarasızlıq ağrısının şiddətinin səngimədiyi bu günlərdə ədəbiyyatımızın
şəhidi Ülvi Bünyadzadənin həmişə cavan, əbədi, azad ruhuna vəfa borcunu ödəməyi
hələlik təxirə salardın. Amma yox! Ülvinin şeirlərini heç kimdən heç bir təmənna
güdmədən rus dilinə çevirməklə, növbəti dəfə qeyrət nümunəsi göstərdin. Bir
daha bəyan etdin ki, 1990-cı il yanvarın 20-də imperiya ordusunun Azərbaycanda
qətlə yetirdiyi adamlar qaragüruh deyildi, azadlıq aşiqləri idi. Bir daha car çəkdin
ki, o müdhiş gecədə öldürülənlərin arasında neçə-neçə nurlu bəşər övladı, yüksək
zəka sahibləri vardı. Onlar ayrı-ayrılıqdı hərəsi bir evin, bir ailənin, bir nəslin
itkisiydilər. Amma sənin və sənin kimi digər Azərbaycan vətəndaşlarının qədirbilənliyi
sayəsində bir ölkənin, bir xalqın tapıntısına çevrildilər. Sənin və sənin kimi
digər Azərbaycan ziyalılarının vətənpərvərliyi sayəsində şeirlərdə, poemalarda əbədiləşdi, kitablara köçdü, dərsliklərdə yer aldı şəhidlərimizin
göstərdikləri qəhrəmanlıq nümunələri. İnan Giya, inan ki, səninlə Lamaranın
bir-birinizə olan məhəbbətiniz də özünə yoldaş etdiyi sədaqət, vəfa və başqa
ülvi hisslərlə birgə əbədilik qazanmağı, dillərdə dastana çevrilməyi haqq
etmişdir.
Sonda dəyərli
oxuculardan xudpəsəndliyimə görə üzr istəyirəm: Giyanın Lamaraya yazdığı şeirlərdən
bilirəkdən sitat gətirmədim. Öz yazdıqlarım onların yanında sönük görünməsin
deyə.
Pünhan Şükür